Ərəb ölkələrinin fəlakətinə səbəb olan məktub: İngilislər “Ərəb baharı”nı yüz il öncədən planlayıblarmış

 12:55 10.06.2019     45446
“Məkkə Əmiri Şərif Hüseynə
 
Bu gün ərəb dünyasının başına açılan oyunların baiskarı birbaşa özləridir. Keçən əsrin əvəllərində İngiltərənin qandırması ilə üsyan edərək Osmanlıdan ayrılıb ingilislərin ağuşuna düşdülər. Öncə ərəblərin iqtisadi resurslarına çökənlər, həmin əsrin sonlarından başlayaraq bu günə kimi də dövlətlərini dağıdıb, şəhərlərini viran qoyurlar. 1915-ci ildə qığılcımlanan alov illər sonra ərəb dövlətlərini yandırıb kül etdi. Bu yanğına səbəb isə 1852-ci ildə Osmanlı İmperiyasının paytaxtı İstanbulda anadan olan Hüseyn ibn Əli əl-Haşimi (Hüseyn Şərif) oldu. O, 1908-ci ildə əmisindən sonra Məkkə əmiri təyin edilir. Bundan sonra ingilislər Məkkə şərifinə vəziyyətdən istifadə edib Osmanlıya qarşı üsyan qaldırmağı məsləhət görürlər. “Məsləhətə” əməl edən Hüseyn Şərif və oğulları ingilislərin hər cür dəstəyi ilə Osmanlıdan ayrılaraq müstəqil olmağa can atırdılar. Sonda buna nail oldular. 1915-сi ildə Böyük Britaniya ilə gizli razılıq əldə olundu və ingilislərin dəstəyi ilə Adendən başqa bütün Ərəbistan yarımadasında onun hakimiyyəti tanındı. Və demək mümkündür ki, bu gün ərəb ölkələrində baş verən hadisələrin təməli yüz il öncədən atılıb. Buna “ərəb baharı” da daxil...
 
Təbii ki, bütün baş verən bu olayları tarix qeydə alıb. Azərbaycanlı mühacir yazıçımız Məhəmməd Əsəd Bəy və alman Bolfanq fon Bayslın “Allahu əkbər” əsərindən əldə etdiyimiz həmin “tarixi qeyd”lərdən birini - İngiltərə kralının nümayəndəsi Artur Mak. Mahonun Hüseyn Şərifə 31 avqust 1915-ci ildə yazdığı məktubu təqdim edirik: 
 
“Uca nəcabətli cənaba, əsilzadələr törəməsinə, böyüklük tacına, İslam ağacının budağına və qüreyşlərin həşəmətli kökünə; uca rütbəli, qüdrətli məşhur cənaba, hökmdarlar və şəriflər evladına, hörmət sahibinə və hörmətə dəyərliyə - Şərif Hüseyn əlahəzrətlərinə, insanların hökmdarına, dindarların namazda qibləgahı və ziyarətgahı mübarək Məkkə şəhərini – qoy onun xeyir-duası bütün insanların üstündə olsun. 
 
Ən gözəl və müti təriflərimizi, könüldən gələn səmimi salamlarımızı yetirərək indiyə  qədər Böyük Britaniyaya göstərmiş olduğunuz comərdliyiniz, meyliniz və loyallığınız üçün Sizlərə minnətdarlığımızı izhar etməyi özümüzə borc bilirik. 
Ərəblərin marağı ilə İngiltərənin marağının, yaxud tərsinə, üst-üstə düşməsində əlahəzrətlərinizin və Sizin yaxın adamlarınızın yekdil olmalarını Sizlərin dilindən eşitmək bizi çox sevindirir. 
 
Biz məqamdan istifadə edib Əli Əfəndinin Zati-Nurunuza çatdırdığı və ərəb ölkələrinin, onların sakinlərinin müstəqilliyi xeyrinə bizim arzularımızı, eləcə də ərəb xəlifəliyinin bəyanına razılığımızı ifadə edən və lord Kitçener cənabları tərəfindən olan xəbəri təsdiqləyirik. Bir daha bildiririk, Böyük Britaniyanın Kral həzrətləri bu barədə öz sevincini izhar edib ki, xilafət əsl ərəbin, həmin mübarək, böyük Peyğəmbər ağacının bir budağının əlinə verilir. 
 
Sərhəd məsələləri ilə bağlı ilkin müzakirələr göstərdi ki, bu hələ tezdir və səmərəsiz vaxt itkisidir, o baxımdan ki, müharibə davam edir və türklər  hökmranlıq etdikləri torpaqların böyük bir hissəsinin faktiki olaraq hələ də sahibi kimi çıxış edirlər. Bizim üçün kədərli də olsa, deməliyik ki, bu ərazilərin ərəblərinin bir hissəsi ən dəyərli məqamı tutub bizim tərəfimizə keçməmişdir, tərsinə, onlar yeni bandit və quldurları, almanları, eləcə də barbar türk zülmkarlarını müdafiə edirlər. Misir hökumətinin Siz zati-nurunuzun ordusuna müqəddəs ərəb torpağı və möhtərəm ərəblər üçün ayırmış olduğu taxılı və pulu göndərməyə hazırıq. Daha sonra biz nümayəndənizin yanımıza gəlişini asanlaşdırmaq üçün hər şeyi etmişik. Səmimi nəzərə alın ki, biz bütün varlığımızla Sizinlə razıyıq. 
 
Aramızdakı gözəl münasibətləri saxlamaq üçün Allaha yalvararaq ən yaxşı salam və məsləhətlərimizi uca zati-nurunuza göndəririk. 
 
19 şəban 1333 (31 avqust 1915)
 
Səmimi qəlb və sayqıyla
 
Artur Mak. Mahon, Kral həzrətlərinin nümayəndəsi.”
 
Rəşad Sahil / Redaktor.az