Erməni müğənninin konserti ləğv olundu - TÜRKİYƏ

 14:22 27.07.2020     1103

Türkiyənin Eskişehir şəhərində erməni əsilli müğənni Levon Toposyanın iyulun 24-də "Mühtəlif" restoranının səhnəsində konsert verməsinin qarşısı alınıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Redaktor.az-a verilən məlumata görə, Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın bildirib ki, iyulun 24-də şəhərin lüks restoranlarından birində erməni əsilli müğənni Levon Toposyanın çıxış edəcəyi xəbərini alıblar. Sözügedən əyləncə məkanının rəhbərliyi ilə danışıqlar aparılıb. Restoran rəhbərliyinə təqdim olunan rəsmi müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədində xaincəsinə hərbi təxribatlar törətdiyi, nəticədə başda general-mayor Polad Həşimov olmaqla 12 azərbaycanlı hərbçinin şəhid olduğu, Eskişehir və Türkiyənin digər şəhərləri də daxil olmaqla dünyanın müxtəlif ölkələrində ermənilərin təcavüzkar siyasətinə etiraz aksiyalarının keçirildiyi və bütün bu hadisələrin dünya ictimaiyyətinin nəzərinə çatdırıldığı, erməni barbarların ABŞ-ın Los-Anceles, Belçikanın Brüssel, Fransanın Paris şəhərlərində dinc aksiyalar keçirən, Rusiyada isə ticarətlə məşğul olan azərbaycanlılara hücum etdikləri və müxtəlif dərəcəli xəsarət yetirdikləri barədə ətraflı məlumat verilib. Bundan sonra 24 iyul konserti və erməni əsilli müğənni ilə bağlanması planlaşdırılan uzun müddətli müqavilə ləğv olunub.

Eskişehir Azərbaycanlıları Dərnəyi həmvətənlərimizin adından bu təqdirəlayiq addıma görə restoran rəhbərliyinə təşəkkürünü bildirib.