"Toylara qadağa insan artımını azaldacaq" - CAVANŞİR MƏMMƏDOV

“Dövlətimizin qoyduğu qadağalara hörmətlə yanaşırıq və yerinə yetiririk. Amma bunu bilmək lazımdır ki, əgər metro, avtobus işləsə, insanlar ara məsafəsi saxlamayacaqlar, bu, mümkün deyil. İaşə obyektləri açıqdır, insanlar saatlarla maskasız bir məkanda otururlar, söhbət edirlər. Amma toyların keçirilməsinə icazə verilmir, nə dərəcədə düzgündür? Şadlıq saraylarında ara məsafəsi saxlamaqla, masaları 8 nəfərlik təşkil etməklə toyları keçirmək olar. Bir ildən artıqdır övladının xeyir işini gözləyən valideyinlər var, onları da başa düşmək lazımdır”.
Redaktor.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov bildirib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın bəzi qadağaları aradan qaldırılmasından danışan sənətçi qeyd edib ki, bu qadağalar tətbiq ediləndən nə qədər insan işsiz qalıb:
"Burada ofisiant, aşbaz, musiqiçi, zərgər, taksi sürücüsü və s. insanları sadalamaq olar. Onların dolanışığının 50 faizi toylardan asılıdır. Biz bunun fəsadlarını 10-15 ildən sonra görəcəyik. Toylar dayanıbsa, o deməkdir ki, cəmiyyətdə artım da yoxdur. İllər sonra insan sayında ciddi azalma müşahidə edəcəyik. Rusiya və digər ölkələrdə toyların keçirilməsinə heç bir qadağa qoyulmayıb, təklif edirəm ki, bizdə də icazə verilsin”.
Əməkdar artist vaksinasiyadan keçən insanlara vaksin pasportlarının verilməsinə və həmin sənəd ilə şadlıq saraylarına və digər obyektlərə daxil olmalarına icazə verilməsinə də münasibət bildirib:
“Gəlin məsələyə real yanaşaq, insanların əksəriyyəti harasa gedəndə adicə şəxsiyyət vəsiqəsini belə öz üzərilərində aparmırlar, o ki qaldı vaksin pasportunu üstündə gəzdirsinlər. Hazırda bəzi məkanlara daxil olduqda insanların bədən hərarətini ölçürlər? Bunu yoxlayanları aldatmağa nə var ki?! Xəstə olan şəxs evdən çıxmazdan öncə hərarəti aşağı salan dərman içir, getdiyi yerdə yoxlananda heç bir problem ilə üzləşmir”.
Aysel Hacıyeva / Redaktor.az