Efirdə jurnalistlər haqqında çirkin sözlər... - CAVAB: "SİZ KİMSİNİZ Kİ..." / VİDEO

 15:47 11.06.2021     994

Tanınmış müğənnilər Cavanşir Məmmədov və Manaf Ağayev ötən gün "ARB" telekanalında yayımlanan “Həmin Zaur” proqramında qonaq qismində iştirak edərkən aparıcı onlara jurnalistlər haqda sual verib. 

Redaktor.az xəbər verir ki, onların cavabı nəyinki efir qaydalarına, heç etik normalara da sığmayıb. Belə ki, C.Məmmədovun, “Jurnalistlər bizim sayəmizdə pul qazanırlar, bizdən yazmasalar pul qazana bilməzlər”, digər müğənninin, “Jurnalistdən insana dost olmaz” sözləri media işçiləri arasında böyük narazılıq yaradıb. 

"Yeni Müsavat" qəzetinin mədəniyyət yazarı Könül İbrahim baş verənlərdən çox təəssüfləndiyini deyib:

“Ötən axşam sözügedən kadrlar təsadüfən İnstaqramda qarşıma çıxdı. Çox təəssüf etdim. Birincisi, heç bir həftə deyil ki, iki jurnalist həmkarımızı şəhid vermişik. Onların acısı canımızdan çıxmamış, yüzlərlə jurnalisti olan telekanalda həmkarlarımıza, bizə dil uzadılır. O şəhid həmkarlarımızın ruhundam utansınlar! Siracın, Məhərrəmin şəkillərini ekrana gətirib soruşsun, görək eqosu yerə göyə sığmayan müğənnilərimiz qəhrəman həmkarlarımızı tanıyırlarmı?

Füzulidən olan ifaçımız qələbəmizdən danışmaqdansa, jurnalistləri pisləyir. Amma 44 günlük Vətən müharibəsində jurnalistlər gecə-gündüz çalışdılar. Haqq səsimizi dünyaya çatdırdılar. 

Cavanşir Məmmədov və Manaf Ağayev sənət üçün hansı gözəl layihələr ediblər ki, tərif də istəyirlər? Toylarda oxuyub, özləri üçün pul qazanıblar".

Uzun illər mədəniyyət sahəsində çalışan, hazırda özəl şirkətlərdən birində media əlaqələndiricisi kimi fəaliyyət göstərən jurnalist Ümidə Qəhrəman illərin sənətkarları ilə jurnalistlərin dostluğunu nümunə göstərib:

“Mən jurnalistləri digər peşələrdən ayırıram, nahaq yerə onlara 4-cü hakimiyyət deməyiblər. Mənim özümün indi də dostluq etdiyim ifaçılar var, ən yaxın rəfiqəm Elnarə Xəlilova, dostum və yaxın qohumum Eldəniz Məmmədovun adını çəkə bilərəm. 

Jurnalistlərlə dostluğun ən gözəl nümunəsi Xalq artistləri Faiq Ağayev, Məsum İbrahimov, Alim Qasımovdur. Onlar bunu bacarırlarsa, bizimlə dostluq mümkündür. Dahi sənətkarlarımız Flora Kərimova, Zeynəb Xanlarovanın illərdir jurnalistlərlə necə yaxın münasibətdə olduğunun şahidiyik. 

Bəzi müğənnilər var ki, çıxıb efirdə deyirlər ki, jurnalistlər nə gəldi yazırlar. O zaman mən də deyirəm ki, siz də ağzınıza nə gəldi oxuyursunuz. Biz məcburuq ki,  səsiniz, istedadınız olmaya-olmaya sizə qulaq asaq?!”.

Moderator.az saytının şef redaktoru Xəyalə Rəis toyların olmamasına görə bu ifaçıların unudulduğunu, gündəmə gəlmək üçün medianın bostanıan daş atdıqlarını deyib:

“Manaf Ağayevin fikirlərini dinlədim və açığı heç qəzəblənmədim. Çünki bu yaşına qədər ölkədə və dünyada medianın gücünü anlamayan biri üçün bu yaşından sonra pedaqoqluq etmək fikrimiz yoxdur. Manaf Ağayevi ifaçı kimi məşhurlaşdıran  məhz media nümayəndələri olub. Onun media nümayəndələri haqda, “Bugünə qədər jurnalistlərin kiminsə haqqında yaxşı yazdığını eşitmisinizmi?!” fikrilərini dinlədikdə bir daha aydın oldu ki, bizim şou əhlinin toy biznesi ilə daha  çox tanınan qismi kitab oxumadığı kimi, medianı da izləmir. Onlar üçün İnstaqram, Tik-Tok xəbərçilərindən başqa media nümayəndələri yoxdur”.

Tanınmış jurnalist, keçmiş şou-biznes yazarı Zülfiyyə Qurbanova iki müğənninin jurnalistləri pisləməklə gündəmə gəlmək fikrində olduqlarını deyib:

“Cavanşir Məmmədov deyir ki, jurnalistlər bizdən yazmasalar dolana bilməzlər. Maşın kolleksiyası ilə özünü reklam etdiyini nə tez unudub? Jurnalistlər yazmasaydı, çəkib göstərməsəydi, səni kim tanıyacaqdı? Jurnalistlərin hesabına məşhurlaşıb, pullanmısan.

Mən hələ ANSPRESS-də çalışdığım vaxtlarda  Firuzə İbadova kimi sənətkarı illərlə toylarda istismar edib, özü milyonlar qazanıb, ona qəpik-quruş verdiyindən yazmışam. Buna görə məndən xoşu gəlmirdi. Jurnalistləri sevməməyinin əsas səbəbi botoksundan yazılmasıdır.

Manaf Ağayevə gəlincə, özünü şou-biznesin mafiya başçısı kimi təqdim etsə də, müsbət insandır. O, jurnalistlərlə dil tapa bilmir. Bunun səbəbkarı özünüdür, jurnalistlərdən uzaq qaçmasıdır".

Aysel Hacıyeva  / Redaktor.az