Müğənnilər toy qiymətlərini qaldırıblar? - AÇIQLAMA

 15:55 24.06.2021     521

Uzun müddət pandemiyaya görə işsiz qalan şou-biznes əhli, xüsusilə də müğənnilər toylarla bağlı aradan qaldırılan qərardan sonra yenidən işlərinin başına qayıdıblar.

Redaktor.az xəbər verir ki, toyların açılması qərarından sonra sonra şadlıq saraylarında qiymətlər kəskin bahalaşıb. Bəs görəsən, şou-biznes nümayəndələri arasında vəziyyət nə yerdədir? Müğənnilərin məclis qiymətlərində dəyişiklik varmı?

Müğənni Günel Ələkbərova bildirib ki, pandemiya səbəbi ilə insanlar maddi çətinlik çəkirlər, toy edənləri başa düşüb qiymətləri endirmək lazımdır:

“Qonorarlarımız, təbii ki, əvvəlki kimi olmayacaq. Bizi toy şənliklərinə dəvət edən insanlara elə qiymət deməliyik ki, həm onlara sərf etsin, həm də bizə. İnsanları başa düşmək lazımdır”.

Xatirə İslam toy qiymətini açıqlamasa da, qiymətdə heç bir dəyişikliyin olmadığını bildirib.

Rəqqasə Fatimə Fətəliyeva qiymətlərin toy sahibinin istəklərinə görə dəyişdiyini bildirib:

“Mən elə bir şirkətin rəhbəriyəm ki, orada dizayn, dekor işləri var. Qiymətlər stabil olaraq qalıb. Amma müştəri gəlib deyə bilər ki, mən təbii güllər ilə yeni dekor istəyirəm. Təbii ki, o zaman qiymət dəyişikliyi olacaq, bu, məndən asılı bir şey deyil. Son zamanlar hər şeyin qiyməti bahalaşıb”.

Daha çox toy müğənnisi kimi tanınan Manaf Ağayev açıqlamasında bunları bildirib:

“Əhalinin vəziyyəti yaxşı deyil, bu halda necə qiymət qaldıra bilərəm? İnsanlar pandemiyadan çıxır, karantin olub. Müğənnilər nə üçün toy qiymətlərini qaldırırlar ki? O vaxt qiyməti qaldırmaq olar ki, insanların maddi vəziyyəti yaxşı olsun. Toylara getdiyim qiymətə gəlincə, bu, standart deyil. Elə olur ki, biri ilə danışandan sonra başqa biri zəng edib xahiş edir ki, toya bu qiymətə gəl. Ona görə də məndə standart qiymət yoxdur. Elə bir kişi zəng edər ki, mən onun toyuna pulsuz da gedərəm”.

Aysel Hacıyeva / Redaktor.az