Fərdanın kişi həmkarına CAVABI AĞIR OLDU: "PLASTİK ELƏMİSƏN, SİMAN İTİB..."

 02:03 03.07.2021     119

Əməkdar artist Vahid Əliyevin aktyor Fərda Xudaverdiyev barədə dediyi sözlər cavabsız qalmayıb.

Redaktor.az xəbər verir ki, Fərda Lent.az-a açıqlamasında, V.Əliyevin ona qarşı dediyi fikirlərə kəskin reaksiya verib: 

“Bu gün-sabah 41 yaşım olacaq. Dillənmədikcə, böyük-kiçik yeri gözlədikcə, belə xəbərlərin çıxması çox üzücüdür. Yaş olaraq yaraşdırmıram. Hər kəs nəsə desə, cavab verməyə bilərəm. Amma işimlə, 25 illik fəaliyyətimlə bağlı hər kəsin öz sevəni var. Bilmirəm o, əməkdar yoxsa Xalq artistidir. Onun titullarını bilmirəm. Amma şəhərdə sorğu apara bilərlər. Vahid Əliyevi kimsə tanıyırmı?

Bundan öncə Rasim bəyə (Xalq artisti Rasim Balayev - red.) də cavab vermədim. Bizə yaraşmazdı. Sonradan Rasim bəy təkzib etdi ki, belə fikirlər səsləndirməyib. Buna sevindim. Amma Vahid Əliyevə bu yaşda bu sözlər yaraşmadı. Öz işiylə məşğul olsa yaxşıdır.

Bu 69 ildə Azərbaycan tamaşaçısı onu tanımırsa, sosial verilişlərdə qışqırıqla yadda qalırsa və o da yaddan çıxırsa, adam gərək birinci özünə kənardan baxsın. Nə mən, nə Elməddin, nə də Müşfiq iddialı çıxışlar etməmişik, özümüzü tərifləməmişik. Hər zaman öz işimizlə məşğul oluruq. Amma heç bir iş görmədən, iş görən insanların arxasınca danışmaq, bu boşboğazlıqdır.

69 yaşında saytlar onun ironiya ilə üzündə keçirdiyi plastik əməliyyatından yazırsa, onun günahı bizdə və tamaşaçıda deyil. Onu reytinqləri qıran hansısa filmlərimizə dəvət etsəydik, tərəf müqabili olsaydıq, haqqımızda belə danışmazdı.

Bu yaşını gözləyirdin ki, barəmizdə nəsə deyəsən? 25 yaşında nəsə desəydi, cavab verməzdim. Ayıbdır, dinləmədikcə, ağını çıxartmazlar. Yekə oğlansan, bu xəbəri mənim ailəm oxuyur. Yekə kişisən, özünə hörmət eləmirsən, başqasına hörmət elə. Biz bir nəfər deyilik, bizim ailəmiz, qohumumuz, nəslimiz var. Ad çəkərək belə də ağ edib açıqlama vermək olmaz. Bəlkə də 69 yaşın ona verdiyi problemlərdi. Allah ömür versə, bizi də o yaşda görəcəksiniz. Bu işimə qarşı təhqirdir”. 

Əməkdar artistin “Onlara müəllimlik etməyə hazıram” sözlərinə Xudaverdiyevin cavabı belə oldu: “Plastik əməliyyatdan sonra sima itir axı. Bu necə olacaq? Böyük məmnuniyyətlə ondan dərs alardım, amma gərək üzündə əməliyyat etdirməyəydi. Çünki anadangəlmə mimikaları itir. Bundan sonra mənə nə öyrədə biləcək?” 

Bundan sonra barəsində tənqidi sözlər deyəcək insanlara Xudaverdiyev xəbərdarlıq edib:

“O və bundan sonra ünvanıma kimsə irad bildirəcəksə, indidən deyirəm ki, öz işinizlə məşğul olun. Yenə də yaşına uyğun cavab verdim. Bir də belə bir açıqlama versə, mənim beynim onun beynindən yaxşı işlədiyi üçün, daha yaxşı təhqirlər tapa bilərəm. 

Qeyd edək ki, Əməkdar artist Vahid Əliyev Lent.az-a açıqlamasında aktyorlar Elməddin Cəfərov, Fərda Xudaverdiyev və Müşfiq Şahverdiyev barəsində bu sözləri demişdi: “Müşfiqi ikinci kursdan İncəsənət Universitetindən çıxarıblar. Milləti təhqir etmək olmaz. Açırsan efiri, ancaq rayon əhlinin ağızlarına əyirlər. Bu nə qədər davam edəcək? 

Elməddin də universitetin tarixini bitirib. Bir dəfə Elçin Əlibəyli məndən soruşdu ki, Elməddin necə aktyordur? Dedim ki, bu dəqiqə deyərəm. Başa düşdüm ki, Elçin ürək sözlərini mənim vasitəmlə demək istəyirdi. Elməddindən soruşdum ki, Ədil İsgəndərov kimidir? Söylədi ki, bilmirəm. Ona baxıram, bir ad qoya bilmirəm.
Sözün açığı, Fərda da mənə çatmır. Serialda çəkilib, adını da bilmirəm. Onların savadı yoxdur. Bu sahədə savad alsaydılar, öz yollarını tapa bilərdilər. Bu gün onlarda o savad olmadığına görə tamaşaçının da zövqünü korlayırlar. Biz peşəkarlar tamaşaçıya nə qədər zövq versək də, qeyri-peşəkarlar onların zövqünü pozur. Aşıq gördüyünü çalar. Tamaşaçı hər gün onları görür. 

Aktyor daha sonra bildirmişdi ki, onlara müəllimlik etməyə, dərs keçməyə də hazırdır: “Öyrənmək heç zaman gec deyil. Mən özüm Yusif müəllimdən öyrənmişəm. Burda qəbahət nəsə yoxdur. Həyatda kişi olmağı atamdan öyrənmişəm. Amma teatrda, sənətdə simanı itirməmək, kişi olmaq, bunları Yusif müəllimdən öyrəndim. Allah ona rəhmət eləsin”.