Jurnalist məhkəmədə "Bozbaş"a qalib gəldi 

 22:16 20.04.2022     431

Tanınmış jurnalist, şairə Ülviyyə Alovlu əqli mülkiyyət hüquqları pozulduğu üçün "Bozbaş Pikcers"i məhkəməyə verib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "AZ-MEDİA MÜZAKİRƏ" qruunda məlumat paylaşılıb. 

"Bozbaş Pikcers" kimi tanınan "İlkmedia"nın istehsalı olan "Axırıncı yol" filmində xalq artisti Röya Ayxanın ifa etdiyi "Röyayam" mahnısı icazəsiz səsləndirilib.

Belə ki, "Röyayam" mahnısının sözlərinin müəllifi Ülviyyə Alovlu kommersiya xarakterli filmdə mahnının icazəsiz səsləndirilməsi, müəllifin adının qeyd olunmamasına görə məhkəməyə müraciət edib.

Proses Ülviyyə Alovlunun xeyrinə başa çatıb və onun "İlkmedia" şirkətinə qarşı 8 min manat təzminat tələbi təmin edilib.

Ülviyyə Alovlu xəbəri təsdiq edib və bildirib ki, məhkəmənin təzminat kimi müəyyənləşdirdiyi məbləğin bir hissəsi ona ödənilsə də, digər hissəsinin ödənilməsi gecikdirilir: 

"Məhkəmənin qərarı ilə təzminat məbləğinin (8 min AZN) bir hissəsi ödənilib, digər hissəsi isə yanvar ayında ödənilməli olduğu halda hələ də ödəniş gecikdirilir. Bununla bağlı da icra şöbəsinə şikayət ünvanlanıb, nəticəsini gözləyirik".