Axtarışda olan müğənni Azərbaycanı necə tərk edib? - ÖZÜ AÇIQLADI

 01:16 17.05.2022     977

Məlum olduğu kimi, uzun müddətdir müğənni Afət Fərmanqızı ilə Xalq artisti Flora Kərimova arasında məhkəmə çəkişməsi davam edir.

Redaktor.az xəbər verir ki, F. Kərimova A. Fərmanqızının onu təhqir etdiyini iddia edərək, Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib.

Ötən həftə isə A. Fərmanqızı məhkəmələrə gəlmədiyi üçün axtarışa verilməsi barədə məlumatlar yayıldı.

Həftəsonu isə müğənni axtarışda olduğu halda ölkəni tərk etməsi ilə bağlı paylaşım etdi.

Bəs görəsən axtarışda olan müğənni ölkəni necə tərk edib? 

Lent.az mövzu ilə bağlı Afət Fərmanqızının özü ilə əlaqə saxlayıb.

Müğənni Azərbaycanı tərk etdiyini təsdiqləyərək bunun necə baş verdiyini saytımıza danışıb: 

"Bəli, Azərbaycandan getmişəm və hazırda Rusiyadayam. Ölkəni tərk edərkən də heç kim məni saxlamadı və sorğu-sual etmədi. Əgər axtarışda olsaydım ölkə sərhədlərini necə keçərdim?! Yerimi onsuz məhkəməyə demişdim. Bu günə kimi də harada qeydiyyatda idimsə orada idim. Həmin gün hamiləliyimlə bağlı narahatlığım, ürəkbulanmam oldu. Bununla əlaqədar həkimdən kağız da almışdım. Hər şey məhkəməyə təqdim olunub. Amma məhkəmə qərəzli olduğu üçün guya barəmdə axtarış elan edib. Bunun hamısı sifarişli imiş".