“Bəxt üzüyü”nün Sevdası vəfat etdi

 23:28 16.08.2022     1312

Tanınmış aktrisa və müğənni Firəngiz Rəhimbəyli vəfat edib.

Redaktor.az xəbər verir ki, uzun illərdir ABŞ-da yaşayan sənətçi 62 yaşında dünyasını dəyişib.

Onun ürək tutmasından vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Firəngiz Rəhimbəyli 1960-cı ildə Ağdam rayonunun Şişpapaqlı kəndində anadan olub. O, 1980-ci illərin sonunda Azərbaycanda müasir estradanın yaradıcılarından birinə çevrilib.

Rafiq Babayev, Eldar Mansurov və Oqtay Kazımov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyli “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram bu sevgiyə”, “Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” adlı mahnılar ifa edib.

Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyliyə ən böyük uğuru “Bəxt üzüyü” filmindəki Sevda rolu qazandırıb.

Aktrisa 1993-cü ildə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. 1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. O, Los-Ancelesdə yerləşən rus restoranlarında müğənnilik etməklə və xırda bizneslə məşğul olub.

Firəngiz Rəhimbəyli 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü 2" filmində yenidən Seda roluna çəkilib.

Allah rəhmət eləsin!