Əməkdar artist və keçmiş kürəkəni arasında pul davası

 12:35 16.09.2022     1656

Türkiyə vətəndaşı İbili Mustafa Kəmal oğlu Azərbaycanın Əməkdar artisti Cavanşir Məmmədov tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.

Redaktor.az xəbər verir ki, “qafqazinfo”ya müraciət edən şəxs deyib ki, 2018-ci ildə C.Məmmədovun qızı Xatirə Məmmədova ilə tanış olub. Daha sonra o, evlənmək üçün Bakıya gəlib. Bundan sonra tərəflər arasında pul məsələsi ilə bağlı mübahisə yaranıb: “Evlənməyə qərar vermişdik. Türkiyədəki evimi, ofisimi sataraq 55 min dollar götürüb Bakıya gəldim. Xatirə məni anası və qızı ilə tanış etdi. Anası dedi ki, evlənmək üçün Bakıdan ev almalıyam. Mən də Yasamaldan ikiotaqlı mənzil, Xatirənin özünə isə geyim, telefon, qızıl zinət əşyaları aldım. 4 dəfə Türkiyəyə apardım, ailə ilə birlikdə gəzdirdim. 2021-ci ilə qədər münasibətimiz davam etdi və bu müddətdə ümumilikdə 240 min dollarım çıxdı.

Mən birja işi ilə məşğul olurdum. İnvestisiya qoyub qazanc götürürdüm. Cavanşir Məmmədov da bu işə girmək istədi və mənə pul verdilər ki, birjada sərmayə edim. Bir müddət onlara qazanc verdim, lakin sonra Türkiyədə lirə dəyər itirdi deyə, zərərə düşdük, pulu verə bilmədim. Amma hamısı öz istəkləri ilə olub. Cavanşir Məmmədovun verdiyi bütün pulları Xatirə mənim bank hesabıma köçürtdürüb. Mən Xatirə Məmmədovanın göstərişi ilə aldığım mənzili və əşyaları Cavanşir Məmmədova təhvil verməyə hazıram. Əlavə olaraq istintaqda qardaşımdan borc alaraq 10 min dollar Cavanşir Məmmədova ödədim. Artıq pulum qalmayıb.

Məni aldadaraq pullarımə xərclətdiyi üçün Xatirə Məmmədovaya cinayət işi başlanmasını və xərclədiyim pulların geri qaytarılmasını istəyirəm”.

Məsələ ilə bağlı Cavanşir Məmmədovla əlaqə saxladıq. Əməkdar artist “Qafqazinfo”ya bildirib ki, iddialar həqiqətə uyğun deyil. O, iddiaların tam əksinə M.İbilinin onlara qarşı dələduzluq etdiyini və zərərçəkmiş kimi tanındıqlarını bildirib: “Bizim pulumuzu - 140 min dollarımızı mənimsəyib. Məhkəmə araşdırmasından sonra hər şey üzə çıxacaq. O çox adama pul “atıb”. Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılacaq. Zərərçəkmiş çox adam var. Şikayətçi mənəm? 8 aydır ki, araşdırma gedirdi. Bu adam çöldə qalsa da, pulu ödəmir. Mən Mustafanı tanıyırdım? Özüm xərcləməyə vaxt tapmıram, qaldı ki, Mustafanın pulu... Məhkəmədən sonra ətraflı məlumat verəcəyəm”.

DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq qeyd edilib ki, Bakı şəhər sakini Cavanşir Məmmədov və qeyrilərinin pullarının İbili Mustafa Kemal tərəfindən ələ keçirilməsi barədə şikayətlər Bakı Şəhər Baş Polis İdarəsində araşdırılaraq istintaq olunub: “Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə barəsində başlayan cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib. Təqsirləndirilən şəxsin bəhs etdiyi pul vurulan maddi ziyana görə zərərçəkmişə ödənib. Həmin vəsaitin ödənməsi barədə qeydlər istintaq materiallarına əlavə edilib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır”.

Qeyd edək ki, bu gün artıq Bakı Ağır Cinayətlər Məhkəməsində tərəflərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılan iş üzrə hazırlıq iclası keçirilib və iş baxışa verilib.