Xalq artisti xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
Xalq artisti Aftandil İsrafilovun səhhətində problemlər yaranıb.
Redaktor.az xəbər verir ki, ötən gün vəziyyəti ağırlaşan sənətçi təcili olaraq xəstəxanaya yerləşdirilib.
Bu barədə aparıcı Hacı Nuran Hüseynov bildirib. Onun sözlərinə görə həkimlər Xalq artistinin vəziyyətini ağır qiymətləndirirlər:
"Sənətkarın vəziyyəti kritikdir. Düzü, mən buna inanmaq istəmirəm. Çünki bilirəm ki, Aftandil İsrafilov xəstəliyin nə olduğunu bilməyən adamdır. Amma dünya halıdır. Həkimlər vəziyyətini ağır qiymətləndirirlər. Allah köməyi olsun, deyirəm. Bizim dost itirən vaxtımız deyil!".
Sənətkarın qızı Həcər xanım "Redaktor.az"-a bildirdi ki, atasının vəziyyəti səhv müalicəyə görə ağırlaşıb:
"Özünü narahat hiss edirdi, iştahsız, halsız idi. Həkimə apardıq. Bizə dedilər ki, mədəsində qanaxma olub. Müalicə alandan sonra vəziyyəti lap ağırlaşdı, ayaqları şişdi. Bədəninə su yığılıb, hətta ağciyərləri də su ilə dolub. Ağır vəziyyətə həkimə apardıq. Hazırda reanimasiyadadır. Bədənindən bir neçə litr su çəkiblər. Böyrəklərinin fəaliyyətinin tamam dayanması təhlükəsi var, ola bilsin dializ aparatına qoşsunlar. Hələlik, gözləyirik".
Tunar Altunbay













