Nigar Camal taksi sürücüsünü həbs etdirdi - VİDEO

 16:08 28.02.2023     1934

Fevralın 25-də Bakı şəhər Nəsimi rayonu ərazisində müğənni Nigar Camalla mübahisə edən sürücü ilə bağlı qərar verilib. 

Redaktor.az xəbər verir ki, Göygöl rayon sakini, 1999-cu il təvəllüdlü Orxan Əliyev (şərti) Nəsimi RPİ-nin 22-ci Polis Bölməsi tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Saxlanılan şəxs daha sonra Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə 24 yaşlı sürücü həbs edilməməsini xahiş edib. O, hadisə vaxtı Nigar Camalın yol hərəkəti qaydalarını pozduğunu iddia edib: ““Bolt” taksi şirkəti üzrə “Kia Ceed” markalı maşınla 28 May küçəsi ilə hərəkət edərkən Süleyman Rüstəm küçəsinə dönmək üçün sağ yola keçirdim. Bu zaman ağ rəngli “BMW” markalı avtomobilin sürücüsü, sonradan adının Nigar Camal olduğunu bildiyim şəxs siqnal verərək sağ zolağa keçməyimə mane oldu, o avtomobili öz yolu ilə sürərək mənə yol vermədi. Pəncərəni endirərək Nigar Camala yol verməməsi səbəbindən irad bildirdim. O isə məni nalayiq ifadələrlə təhqir etdi və telefonla videoçəkiliş aparmağa başladı. Əsəbiləşərək avtomobili saxladım, düşüb onu hansı səbəbə nalayiq ifadələrlə təhqir etdiyini soruşdum və ondan avtomobilin pəncərəsini aşağı salmasını tələb etdim.

Bu zaman arxa sol zolaqda olan sürücü mənə Nigar Camalın qadın olması səbəbindən mübahisə etməməyi tövsiyə etdi. Ona Nigar Camalın məni təhqir etməsini, yol vermədiyini bildirdim. Həmin şəxslə dialoq zamanı Nigarın maşını sürüb getmək istədiyini görüb ani olaraq əsəbiləşərək sürücü tərəfdə olan yan güzgünü əlimlə vurdum, o, avtomobili sürərək uzaqlaşdı. Hadisə təxminən 7-8 dəqiqə davam etdi. Sonradan onun avtomoblinə yaxınlaşmaqda məqsədim Nigarın çəkdiyi videogörüntünü sildirmək idi. Daha sonra polis əməkdaşları məni bölməyə dəvət etdikdə mən gecə saat 00:00 radələrində Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə könüllü şəkildə getdim. Qeyd olunanları nəzərə alaraq, barəmdə həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edirəm”.

Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən iclasda Orxan Əliyev barəsindəki protokola baxılıb. Ona İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə 15 sutka inzibati həbs cəzası verilib (qafqazinfo).