Filarmoniyaya şortiklə giriş qadağandır? - FOTO

 17:32 10.06.2023     388

Bakıda vətəndaş sırf geyiminə görə konsertə buraxılmadığını iddia edib.

Redaktor.az xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə məlumat paylaşıb.

Şəxs qeyd edib ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konsertə “şortik” geyindiyi üçün buraxılmayıb. Bu iddia sosial şəbəkə izləyiciləri arasında narazılığa səbəb olub.

Konsertə geyiminə görə buraxılmayan Elsevər Muradzadə oxu.az-a danışıb.

“Təsadüfən Filarmoniya tərəfdə idim. Dostlarım konsertə dəvət etdilər, mən də məmnuniyyətlə qəbul etdim. İçəri girəndə nəzarətçi bildirdi ki, “şortik”də içəri keçmək olmaz. Sonra “Facebook” səhifəmdə bununla bağlı paylaşım etdim və məlum oldu ki, qadınlar “şortik”də keçə bilərlər. Qadağa yalnız kişilərə aiddir”.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mətbuat Xidmətindən bildirilib ki, bu məsələ Filarmoniyanın daxili qaydasıdır:

“Bir neçə il bundan öncə Filarmoniyanın direktoru əsasnamə təsdiqləyib. Bu qaydalar Filarmoniyanın həm yuxarı, həm də aşağı girişində yazılıb. Məsələ ilə bağlı qeydlər var.

Filarmoniyaya “şortik” və “vetnamka” (çəkələk) ilə daxil olmaq qadağandır. Orada klassika nümayiş olunur. Kiminsə “şortik”lə konsertə gəlməsi düzgün deyil. Daxili qaydadır. Ötən gün baş tutan konsertdə qadınların “şortik”lə buraxılıb, kişilərə icazə verilməməsi ilə bağlı məqamı isə araşdırmaq lazımdır”.