"Qremmi" mükafatı alan Teylor Svift komandasına qiymətli əşyalarla təşəkkür etdi
Amerikalı müğənni Teylor Svift "ilin albomu" kateqoriyasında növbəti "Qremmi" mükafatını aldıqdan sonra komandasının 30 üzvünə "Cartier" və "Louis Vuitton" çantaları və ümumilikdə 160 min dollar dəyərində zinət əşyaları ilə təşəkkür edib.
Redaktor.az bu barədə Britaniyanın “The Sun” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, komandanın qadın hissəsi üçün Svift 2,1 min dollar dəyərində qara və çəhrayı rənglərdə dəridən hazırlanmış "Cartier" çantalarını, 2,5 min dollar dəyərində qızıldan hazırlanmış bir neçə "Cartier d'Amour" boyunbağı və "Louis Vuitton"dan 2,9 min dollar dəyərində 20 zərif "Speedy Bandoulière" çantasını seçib.
Müğənni kişilər üçün də bir neçə "Louis Vuitton" çantasını, o cümlədən 2,5 min dollarlıq "Nano Steamer", 3,3 min dollarlıq "Christopher MM" və 2,5 min dollarlıq bir neçə səyahət çantası seçib.
Komanda mükafatlardan razı qalıblar. Nəşr yazır ki, Svift onlara “ailə kimi baxır”.
Qeyd edək ki, bir gün əvvəl Teylor Svift “ilin albomu” kateqoriyasında dördüncü dəfə “Midnights” adlı albomu ilə “Qremmi” mükafatını qazandı və bu, mükafat tarixində bu kateqoriyada ən çox mükafat alan rekorda imza atdı.
NƏRGİZ