Afət Fərmanqızı yayılan məlumata aydınlıq gətirdi

 12:44 27.03.2024     846

Müğənni Afət Fərmanqızının bir müddət əvvəl ailə qurduğu Mamed Nanacanov adlı şəxs polis tərəfindən saxlanılıb.

Redaktor.az axsam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda özü məlumat yayıb. O bildirib ki, buna səbəb onun bir şəxsi təhqir etməsi olub:

“Xəzər Rayon Polis İdarəsi səhər saatlarında həyat yoldaşımı saxlayıb. Səbəb kimi göstərilir ki, Vaqif İsayev adlı şəxsi təhqir edib. Bu şəxsin həyat yoldaşıma 200 min dollar borcu var. Binanın sahibidir, 7 ildir ona deyir pulu qaytaracam, amma qaytarmır. Həyat yoldaşım da əsəblərinə hakim olmayıb onu təhqir edib. Əgər təhqirə görə adam həbs olunursa, biz müğənniləri gündə onlarla, yüzlərlə təhqir edən var. Niyə onlar həbs olunmur? Dəfələrlə məni təhqir edəni şikayət etmişəm, tapıb gətirilib, bölmədə başa salınıb, deyilib etika qorunmalıdır, olmaz və sərbəst buraxılıb. Nanacanovla həmin insanların fərqi nədir? İş adamıdır deyə saxlamaq lazımdır? Vaqif İsayevin məndə səsyazısı da var. Deyir ki, canımın qorxusundan mən həbs etdirdim”.

Afət əlavə edib ki, həyat yoldaşı Rusiya vətəndaşıdır və orada çalışır.

Məsələ ilə bağlı Redaktor.az-ın əməkdaşı müğənninin özü ilə əlaqə saxlayıb. Afət Fərmanqızı bildirib ki, mətbuatda yayılan bu məlumat əslində, 2 il öncə baş verib və nədənsə keçmişdə olan bir hadisə sanki yeni baş veribmiş kimi hansısa sayt tərəfindən dərc olunub. Onun sözlərinə görə, həyat yoldaşı 2022-ci il yanvarın 31-də həbs edilib:

"2022-ci il fevralın 1-də mən Daxili İşlər Nazirliyinə müraciət etdim. Bundan sonra iş Xəzər Rayon Polis İdarəsindən alınaraq Bakı Şəhər Baş Polis İdarəsinə verildi. Fevralın 2-də həyat yoldaşım barəsindəki həbs qətimkan tədbiri ləğv edildi. Bir aydan çox istintaq getdi və bundan sonra həyat yoldaşım bəraət aldı".