"Biz bir az narahat olduq ki, yeni ailə həyatı qurub..." - Oğlu əsgər gedən Xalq artisti
"Oğlum toyundan öncə magistra daxil olmuşdu. Deyirdi ki, magistrı oxuyub bitirəndən sonra hərbi xidmətə gedəcəyəm. Biz də əmin idik ki, magistra daxil olub. Sonradan magistr təhsilinin balları qalxdı, oğlum kəsildi. Hərbi xidmətə çağırış vərəqəsi gəldi və Məhəmmədi vətəni qorumağa yola saldıq".
Redaktor.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Simarə İmanova deyib. O daha sonra əlavə edib.
"Oğlum özü də həvəsli idi ki, hərbi xidmətə yollansın. Bir az biz narahat olduq ki, yeni ailə həyatı qurub, ailəni qoyub hərbi xidmətə gedir. Amma bir valideyn olaraq özümüz də istəmişik ki, vətənə olan borcunu ödəsin. Vətənə onsuz da borcumuzu heç vaxt qaytara bilmərik. Oğlumla da, hərbi xidmətə yollanan bütün balalarla da qürur duyuram. Sağ-salama gedib gəlsinlər. Bütün anaların gözləri yoldadır, həmçinin mənim də. Bunlar elə hisslərdir ki, sözlə ifadə edə bilmirsən. Hisslərim qarışıqdır. Həm sevinirəm, həm də kövrəlirəm. Mənim üçün çox çətindir. Hər dəfə Məhəmməddən danışanda kövrəlirəm. Anayıq da.. Ürəyimiz istəyir ki, qoxlayıb qucaqlayaq, amma görürsən ki, daha məsuliyyətli vəzifəni yerinə yetirməyə yollanıb. Çox sevinirəm ki, vətənpərvər bir oğul böyüdüb boya-başa çatdırmışam. 44 günlük müharibədə də gedib könüllü yazılmışdı. O vaxt hələ universitetdə oxuyurdu. Atası da hədsiz vətənpərvər biridir. Bu bağ ailədən gəlir. Övlad hansı yaşda olursa-olsun ana-atanın gözünün qarşısında uşaqdır", - deyə o bildirib.
Qeyd edək ki, xalq artistinin oğlu bir neçə ay bundan əvvəl ailə həyatı qurub.