“Elza və kuklalar”ın dueti - FOTO
İyulun 9-da Azərbaycan Dövlət Kukla Teatrında Əməkdar artist, bəstəkar və ifaçı Elza Seyidcahanın 55 illiyinə həsr olunmuş “Elza və kuklalar” adlı tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, bəstəkar və ifaçı kimi daim öz fərqliliyin nümayiş etdirən E. Seyidcahanın yubiley mərasimi teatrın foyesində bəstəkarın fortepianoda süitalarını ifası ilə başlayıb.
Bu qısa performansda ona sənət dostları –kamera kvarteti və bacısı Rasimə dəstək verib.
Tədbir videoçarx nümayişi ilə başlayıb.
Kadrlarda biz uşaqlı böyüklü hər kəsin “Ələkbər əmi” kimi tanıdığı Azərbaycan Dövlət Kukla Teatrının aktyoru və baş rejissor olmuş Ələkbər Hüseynovu görürük. Təsvirlərdən də göründüyü kimi, o, hələ o zamandan E. Seyidcahanın yaradıcılığına, fərqli üslubuna önəm verib və mütəmadi onu öz verilişlərinə dəvət edib.
Yubiley gecəsində təbrik çıxışları da olub.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Firuzə İbadova, Gülzar Qurbanova, Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva çıxış edərək bəstəkarı təbrik ediblər.
Onun özünəməxsus yaradıcılıq yolundan, musiqi əsərlərindən söz açdılar. İstər mahnı, istərsə də digər musiqi janrlarında ərsəyə gətirdiyi əsərlərin bəstəkarın zəngin yaradıcılıq zövqünün məhsulu olduğunu deyiblər.
Tədbir bəstəkarın ən çox sevilən işlərindən biri - az qala bütün teatrsevərlərin və səhnə adalarının himninə çevrilən “Mən aktyoram” adlı kompozisiya ilə davam edib. Dövlət Pantomima Teatrının aktyoru, Əməkdar artist, sevilən aktyor Bəhruz Vaqifoğlu səhnə insanlarının ruh halının bu əsrarəngiz musiqi əsərində özünə ifadə dili tapan plastik həllini icra edib.
Gecədə E. Seyidcahanın bəstəkarı olduğu “Şəngülüm, Məngülüm” tamaşası da nümayiş olunub.
Xatırladaq ki, Mikayıl Müşfiqin “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı kiçik poeması əsasında hazırlanan tamaşa yeni səhnələşdirmədə “Şəngülüm, Məngülüm” kimi 2017-ci ildən teatrın repertuarındadır.
Teatrın baş rejissoru Anar Məmmədovun quruluş verdiyi tamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır.
Ümumilikdə 12 mahnının yer aldığı tamaşanın ifaçısı Dövlət Kukla Teatrının istedadlı aktrisası Ülviyyə Əliyevadır.
Sonda yubilyara teatrın rəssamları tərəfindən hazırlanmış öz kuklası hədiyyə olunub.