"İmkan verilsəydi, 100-200 müəllimi həbs edərdim" - Tahir İmanov
"Forumlar keçirildi, heç birinə dəvət olunmamışdım. İnstaqramda oxudum, birdən ziyalılar ayıldı ki, televiziya bərbad günədidr. Sən demə, 10-15 il ərzində özəl televiziya məkanında baş verənləri görmürmüşlər. Rasim Balayev, Çingiz Abdullayev və "Planet parni iz Baku" danışırdı. Amma forumdan sonra hamı ayıldı. Nəticə nə oldu? Heç nə".
Redaktor.az bildirir ki, bu sözləri Əməkdar artist Tahir İmanov "Talknex" yutub layihəsində danışıb. Aktyor sosial platformalardan, televiziyad danışıb:
"Tənqidin nəticəsi olmalıdır. Məsələ kökündən həll edilməlidir. TikTok kimi platforma ya bağlanmalıdır, ya da çərçivəyə salınmalıdır. Aidiyyəti qurumlar bununla məşğul olmalıdır. TikTok-da baş verənlər faciədir. Gənclərin zövqünü, həyatını korlayır. Orada çoxluq təşkil edən söyüşdür. Bilmirsən kişi, yoxsa qadın deyəsən. Kamera qarşısında yemək yeyir, mənasız danışır və nə qədər baxış toplayır. Bəzi gənclərimiz problemin pik nöktəsinə gedən yoldadırlar.
Müstəqil insanam, fikir bildirirəm. Heç bir yerdə işləmirəm. Böyük layihələrdə işim yoxdur. Müsahibələrdən sonra dolayı yolla bəzi məmurlardan zənglər gəlir ki, Tahir İmanov niyə belə danışdı? Onları necə başa salım ki, azad ölkədə yaşayıram və azad fikrim var. Hər zaman deyirəm ki, xoşunuz gəlmirsə qulaq asmayın. Radikal islahatların tərəfindəyəm. Yalnız o, həll olacaq".
İmanov məktəblərdə yaşanan rüşvət alma məsələsinə toxunub:
"Danışmaqla heç nə həll olunmur. Özümü son illər ancaq danışmaqda görürəm. Millət vəkilləri də, ancaq danışırlar, problem həll olunmur. Mənə imkan verilsəydi, 100-200 müəllimi həbs edərdim. Bunun cəzası ancaq budur. Demirəm, rüşvət almayacaqlar, alacaqlar, amma qorxa-qorxa və bu azalacaq".
T.İmanov televiziyalarda yayımlanan verilişlərdən söz açıb:
"Eləcə də televiziya məkanında... Telekanal rəhbərləri dəvət edildi, nə oldu? İndi 5-6 bayağı, neqativ layihə bağlansa toy-bayram olacaq, cəmiyyətə yeni nəfəs veriləcək. Azərbaycan kişisini nə qədər digər obrazda, rəzil vəziyyətdə göstərmək olar? Bu, nə biabırçılıqdır? Biz qalib xalqıq. Elə bir dövrdə yaşayırıq ki... Əsl kişilər dövründəyiq. Niyə əsl kişiləri qoyub, qeyri-kişiləri, qeyri-qadınları təbliğ edirsiniz? Televiziya rəhbərləri açıq-aşkar dedilər ki, reytinqidir, olmasa işçini dolandıra bilməyəcəyəm. Boş bəhanədir, birinci öz ciblərini doldura bilməyəcəklər. Onlar cibi düşünürlər. Televiziya hər zaman özünü dolandırıb. Elə gözəl verilişlər olub. Televiziya rəhbərləri qazanmayıb? Yuxarıdan göstəriş gəlsə ki, bunu bağlayın, olacaq. Camaata nə versəniz ona baxır. Nə versən onu da yeyəcək. Zir-zibili yedizdirmək yaxşı deyil. Bir dəfə dedim ki, verilişlərin hamısını zibil yeşiyinə tullamaq lazımdır. Hamı başladı Tahir İmanov tükənib, çörəyi dizindədir".