"Şuşa festivalında mənim əsərimi hər dəfə bir uşağa öyrədib səhnəyə çıxarırlar..." - VİDEO

 11:19 18.07.2024     1039

Bu günlərdə Özbəkistanda keçirilən "Ovoz" (O səs Özbəkistan) musiqi müsabiqəsində maraqlı anların şahidi olduq. Gənc özbək müğənnisi Dilnoza Akbarovanın oxuduğu "Bayatı-Şiraz" həm münsiflər heyəti tərəfindən, həm Azərbaycanda  böyük rəğbətlə qarşılandı.

Maraqlıdır, bu ifa "Bayatı Şiraz" kompozisiyasının ilk ifaçısı tanınmış xanəndə Tacir Şahmaloğlunun da xoşuna gəlibmi?

Bu barədə Redaktor.az-la düşüncələrini bölüşən xanəndə bildirdi ki, Dilnoza Akbarova zəng edib ondan həmin ifaya görə icazə alıb.

"Yaxşı oxuyub, nəzərə almaq lazımdır ki, özbək dili və bizim dil fərqlidi. Yenə də bəyəndim. Bu əsəri mən 1977-ci ildə Qarabağda oxumuşam. Mənim düşüncəmdi. 50 ilə yaxın vaxt keçib. Gənclərin mahnılarımı oxumağı məni sevindirir. Yaxşı alınır, gəncdirlər müəyyən səhvlər edə bilərlər, bu normal haldır. Ancaq mən istərdim ki, gənclər yeni bir şeylər etsinlər. Yəni yeni bir üslubda nəsə hazırlayıb tarixdə qalsınlar". 

Söhbət zamanı xanəndə gileyini də dilə gətirdi:

"Şuşa festivalında mənim əsərimi hər dəfə bir uşağa öyrədib səhnəyə çıxarırlar. Maraqlanmırlar, bunu yazan kimdir? Mən hələ sağam, axı. Çox istərdim ki, dəvət alım Şuşa festivalında "Bayatı-Şirazı"mı özüm də səsləndirim."

Türkan İSGƏNDƏRLİ