"Bitirin bu söhbəti..." - Nadir Vəfayla Şəbnəmin ərlərinə SƏSLƏNDİ
Müğənni Nadir Qafarzadə “Cənnətimsən” mahnısına görə, mübahisə edən ifaçılar Şəbnəm Tovuzlu və Vəfa Şərifovanı tənqid edib.
Redaktor.az olay.az-a istinadla sənətçi sözügedən qalmaqallı məsələ ilə bağlı mövqeyini qonaq olduğu “Elgizlə izlə” verilişində bildirib.
Baş verən hadisəyə əsəbiləşən Qafarzadə Şəbnəmlə Vəfanın oxuduğu həmin mahnını “qıjı” adlandırıb:
“Ölkəmizdə o qədər “qıjı”lar var ki… “Qıjı”lardan əskik deyilik. Mənim həm Vəfaya, həm də Şəbnəmə hörmətim var. Amma bu “Cənnətimsən” adlı mahnıya görə dava eləmək çox ucuzdur. Bu mahnı nə Üzeyir Hacıbəyovun, nə Fikrət Əmirovun, nə Qara Qarayevin nə də ki dünyavi bir əsər deyil… “Avroviziya”ya gedəcək əsər deyil. Nədir axı, bu mahnı? Bu mahnıya görə dəyərmi bu qədər insanların zövqünü pozmaq. Söylədiklərim, kimin xoşuna gəlmirsə, qırmızı, yaşıl və sairə rənglərdə sular var, onları içsin. O mahnılar “qıjı”dır. Bəsdir, mədəniyyətimizi korladınız. Mənim mədəniyyətimi korlayan insanlar düşmənimdir. Erməni torpağımı işğal etmişdi, onlardan aldıq, amma bu kimi ifaçılardan mədəniyyətimizi ala bilmirik. Bu kimi ifaçılar mədəniyyətimiz kor qoyublar. Bəli! Mən heç kimdən qorxmuram. Sözlərimi bu tip mahnılar oxuyanların hamısına aid edirəm. İnsanda abır-həya olar. Eyni tipli mahnılar nə qədər oxumaq olar? Bu mahnıların nə əvvəli, nə sonu bilinir. Belə biabırçılıq olar? Biz də toya gedirik, amma bizdən bu tip mahnıları ev yiyələri, qonaqlar tələb etmirlər. Çox maraqlıdır. Məndən belə mahnıları heç kim xahiş edə bilməz ki, sən də oxu. Xahiş etsə, deyərəm ki, xahişini qayış edib, bağlayaram belinə və məclisdən çıxıb gedərəm. Mən özümə, sənətimə, illərimə hörmət edən oğlanam. Azərbaycan mədəniyyətinə və onun musiqisinə hörmət edən vətəndaşam. Söhbət burada həmin müğənnilərin şəxsiyyətindən deyil, oxuduqları mahnılar və repertuarlarından gedir. Bu, mənim subyektiv fikrimdir”.
Nadir efir vasitəsi ilə müğənnilərin həyat yoldaşlarına səslənib:
“Hər iki ifaçı ailəlidir. Evlərində kişi var. Ən azından onlar deməlidirlər ki, bitirin, bu söhbəti, abır-həya var. 31 ildir ki, evliyəm. Heç siz xanımım haqda nəsə eşitmisiniz və ya nəsə görmüsünüz? Xeyr! Onu və ya mənim gəlinimi “TikTok”da görmüsünüz? Görməyəcəksiniz də, çünki evdə kişi var. Mən xanımım üçün “Yaşıl teatr”da konsert verdim. O da bir tarix idi. Olmaz ki, hər iki müğənni haradasa görüşsünlər və bu söhbəti öz aralarında həll eləsinlər. Bu söhbətlər niyə sosial şəbəkələrə çıxmalıdır?! Bu bazar söhbətləri niyə hər yerə yayılmalıdır?! Kafelərin birində görüşsünlər və bu söhbətə “nöqtə” qoysunlar”.