“Daşlı qala” mahnısı Xalq artistləri arasında QALMAQAL YARATDI
Xalq artisti Niyamməddin Musayevlə keçmiş “Lalə” qızlar ansamblının yaradıcısı, tarzən, Xalq artisti Ceyran Haşımova arasında mübahisə yaşanıb.
Redaktor.az xəbər verir ki, buna səbəb dillərdə əzbər “Daşlı qala” mahnısı olub.
Bəstənin ilə bağlı “Bir mahnının tarixçəsi” verilişi araşdırma aparıb.
Həmin proqrama müsahibə verən N.Musayev iddia edib ki, sözügedən bəstəni ilk olaraq o ifa edib:
“Bu “Daşlı qala” mahnısını İmişlidə də toylarda oxuyurdum. Sonra Bakıya gəldim, Filarmoniyada konsertlərdə, televiziyada da oxuyurdum. Hacı Məmmədovun, Həbib Bayramovun, Əhməd Bakıxanovun ansamblı çalırdı məndə bu nəğməni oxuyurdum. Amma bu bəstə Xalq mahnısı kimi qələmə verilirdi”.
Verilişdə “Daşlı qala” mahnının əhvalatı ilə bağlı daha bir əhvalatın olduğu bildirilib. Belə ki, 1964 – cü ildə Asəf Zeynallı adına musiqi texnikumuna gənc müəllim Cehran Haşımova ətrafına tələbə xanımları toplayaraq bir ansaml yaradır. Solistlər də elə kollecin tələbələri və bu ansamblında adını tutub gələn istedadlı gənc xanımlar idi. 1969-cu ildə “Lalə” qızlar ansamblına Sevil Muradova adlı gənc bir tibb bacısı yaxınlaşır. Əslən axıska türkü olan bu xanım özü ilə ilk sınaq günü seçimlərə axıska folklyoru gətirir. O mahnıların sırasında “Daşlı qala” adlı bu nəğmə də vardı.
C. Haşımova isə sözügedən mahnının onun ansamblında oxuyan müğənni Sevil Muradovaya məxsus olduğunu dilə gətirib:
“Sevil bizə bir neçə mahnı gətirdi ki, bəs Ceyran xanım belə mahnılar var və onları heç kim oxumayıb. Bu nəğmələr ifa olunmadığına görə də yaddan çıxıb. Bu mahnılardan biri də “Daşlı qala”dır. Gürcü, rus və azərbaycan dilində oxuyurdu. Mahnı çox xoşuma gəldi. O da mənə dedi ki, bu nəğməni Türkiyədə çox oxumuşdum”.
Musayevin “Bu mahnını birinci mən ifa etmişəm” fikirlərinə Haşımova etiraz edib:
“Bu mahnını heç zaman Niyamməddin Musayevin ifasında eşitməmişəm. Eşitsəydim deyərdim ki, bu nəğməni ilk dəfə ondan eşitmişik. Bu mahnını daha əvvəl söylədiyim kimi müğənni Sevil Muradovadan eşitmişik. Mənim “Lalə” ansamblımın solistindən. O dövrdə niyə axı Niyamməddin Musayev bizə yaxınlaşıb bir dəfə də olsun demədi ki, Ceyran xanım siz elan edəndə niyə demirsiniz ki, bu mahnının bəstəkarı bu şəxsdir. Biz mahnını elan edəndə hər zaman bəstəkarında adını çəkirik”.
Tarzənin bu sözlərinə cavab olaraq müğənni belə reaksiya verib:
“Filarmoniyada çalışırdıq “Lalə” qızlar ansamblıda orda idi, onlarda mənim bu mahnımı oxuduğumu eşidirdilər. Elə - belə oxumaqla da bu mahnı yayılırdı. Bayatılar da elədir. Hərə bir bayatını qoyub, oxuyur” (olay.az).