Ağadadaş Ağayev məhkəməyə gəldi - FOTO - Yenilənib

 16:10 14.11.2024     512

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə təxirə salınmış hazırlıq iclası bu gün davam edir.

Redaktor.az xəbər verir ki, müğənni bu dəqiqələrdə vəkili Asim Abbasovla birgə Binəqədi Rayon Məhkəməsinə gəlib.

Bu dəfə işə mahiyyəti üzrə baxılmır. İclasda Ağadadaş Ağayevin sərbəst, yaxud həbsdə mühakimə edilməsi ilə bağlı məsələ müzakirə ediələcək, tərəflərin vəsatətləri dinləniləcək.

Hakim Vüsal Tağıyevin araşdıracağı işdə Ağadadaş Ağayevin balta atdığı “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov və baltanın nəzərdə tutulan hədəfdən yayınaraq dəydiyi təmizlikçi Nəzakət Paşayeva zərərçəkmiş qismində tanınıb.

***

A. Ağayev elə ilk iclasda qısa çıxış edib. Müğənni verilmiş ittihamı qəbul etmədiyini deyib. Eyni zamanda qanuna güvəndiyini qeyd edərək, ədalətin yerini tapacağını vurğulayıb:

“Mən xoşbəxtəm ki, belə ölkədə  yaşayıram. Hüquqlarımız qorunur. Qanunun aliliyi də işin gedişatından hiss olunur. Amma bu maddənin mənim üzərimə qoyulmasını qəbul etmirəm. Hər halda hər şey bəlli olacaq”.

***

Zərərçəkmiş Nurəddin Cəlilov məhkəməyə vəsatət təqdim edib. Vəkili Rəna Məmmədova onun vəsatətini elan edib.

N.Cəlilov yazır ki, istintaq dövründə qanun pozuntularına yol verilib. O hesab edir ki, Ağadadaş Ağayevin əməlində daha ağır cinayətin - 29 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29 120.2.4-cü-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələrinin əlamətləri var. Qeyd edir ki, müğənni ona öldürmək məqsədi ilə balta atıb. 

Zərərçəkmiş daha ağır maddə ilə ittiham verilməsi üçün cinayət işinin prokurora qaytarılmasını, barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib. Digər zərərçəkmiş şəxsin vəkili Gülşən Salmanova da vəsatətin təmin edilməsini xahiş edib, “bir insan durduğu yerdə başqasına niyə balta atsın…? Təbii ki, öldürmək məqsədi olub”, - vəkil əlavə edib.

A.Ağayevin vəkili Asim Abbasov vəsatətlərə etiraz edib. Vəkil qeyd edib ki, vəsatətlərin təmini üçün heç bir əsas mövcud deyil. 

Prokuror isə fərqli mövqedən çıxış edib. İttiham tərəfi bəyan edib ki, hazırkı mərhələdə vəsatətin təmin edilməsi üçün əsas yoxdur.

***

Hakim Vüsal Tağıyev A.Ağayevin həbs edilməsi ilə bağlı vəsatəti əsassız sayaraq rədd edib.

Cinayət işinin prokurora qaytarılması ilə bağlı vəsatət isə baxılmamış saxlanılıb. İş baxışa təyin olunub.

Ağadadaş Ağayevlə birgə onunla dava edən mühafizəçi Nurəddin Cəlilova da Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Amma Cəlilovun işi ayrıca icraata götürülüb. Hələ ki, ibtidai istintaq gedir. 

Onların ittiham edildiyi maddənin sanksiyasında 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur (qafqazinfo.az). 

Ağadadaş Ağayev məhkəməyə gəldi (FOTO)

Ağadadaş Ağayev məhkəməyə gəldi (FOTO)