Müğənni Şöhrət Məmmədov bu hərəkətinə görə cərimələndi - VİDEO
Müğənni Şöhrət Məmmədovun sükan arxasında törətdiyi qayda pozuntusuna dair yaydığımız videogörüntü Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən dərhal nəzarətə götürülüb.
Redaktor.az xəbər verir ki, İdarənin baş inspektoru polis baş leytenantı Rüstəm Əhmədli avtosfer.az-a bildirib ki, sürücü nəqliyyat vasitəsinin hərəkəti zamanı əllərini sükandan çəkdiyi üçün yol polisi əməkdaşları tərəfindən cərimələnib. Eyni zamanda müğənni ilə söhbət apararaq, ona etdiyi hərəkətin nə qədər təhlükəli olduğu və gələcəkdə belə halların təkrarlanmaması üçün xəbərdarlıq edilib.
DYP rəsmisi, ümumiyyətlə, ictimaiyyət arasında tanınan şəxslərin yol hərəkəti qaydalarına riayət etməsinin vacibliyini vurğulayaraq, məşhurların cəmiyyət üçün bir nümunə olduğunu xatırladıb. Belə şəxslərin məsuliyyətsiz davranışları, izləyiciləri, xüsusən də gəncləri yanlış istiqamətə yönləndirə bilər. Bunun əksinə olaraq, məşhurların qaydalara riayət etməsi və təhlükəsiz sürücülük vərdişlərini təşviq etməsi, yol hərəkəti mədəniyyətinin formalaşmasına müsbət təsir göstərir.