"Kişi pişik kimi bir şeydir, ona sığal çəksən, həmişə sənin yanındadır..." - Ofelya Şabanova

 13:18 13.03.2025     186

Redaktor.az müğənni Ofelya Şabanovanın kulis.az-a müsahibəsini təqdim edir:

- Ofelya xanım, son zamanlar gündəmi zəbt etmisiniz, ancaq daha çox şəxsi həyatınızla. Narahat olmursunuz ki?

- Qətiyyən! Hər şey əladır, hər şey gözəldir. Şükür Allahın bu gününə. Yoldaşım da mənə dəstəkdir, sağ olsun. Arxamda dayanıb, əli hər zaman çiynimdədir. Ona görə də ürəkliyəm. İstər səhnədə, istər evdə, istərsə də küçədə. Bu cür məsələlər mənə heç bir narahatlıq vermir.

- Heç kim sizin pis sənətçi olduğunuzu demir e. Ancaq elə başlayan kimi "yoldaşım" dediniz... Bunu deyirəm.

- Yoldaşım məndən məşhurdur. Aydan xanım, açığı, mən buna görə çox sevinirəm. O qədər olub ki, cavan, subay xanımlar mənə yaxınlaşıb “Ofelya xanım, sizə qulaq asıb, mən də sizin kimi oldum və ya mən də ailə quracam, sizin kimi olacam” deyib ki. Bu, mənim üçün çox sevindirici haldır. Harda olsam da, hər zaman ailə dəyərləri haqqında danışmışam.

- Başqa müğənnilər nədən, hansı dəyərlərdən danışır ki?

- Başqalarını deyə bilmərəm, ən azı, mən “Mənim ayaqqabım filan qiymətədir və ya eynəyim filan markadır” kimi ucuz söhbətlərlə qabağa getməyə çalışmamışam. Danışdığım tək şey ailə dəyərləri haqqında olub. Cəmiyyətimizdəki bəzi insanların düzəlməsi üçün çalışmışam. Hətta elə ailələr olub ki, mənim dediklərimdən sonra yenidən birləşiblər. Bu isə mənimçün Həccə gedib gəlmək qədər önəmlidir.

- Yəqin, feminizmə, feminstlərə də münasibətiniz yaxşı deyil... Qadın hüquqları, deyəsən, çox da vecinizə deyil…

- Bilirəm ki, bu sualı qəsdlə verirsiniz. Hərdən deyirlər ki, Ofelya kişiləri çox müdafiə edir, qadınları müdafiə etmir, onları əzir. Əstağfürullah, mən kiməm ki? Mən də sizin kimi Allahın yaratdığı bir qulam. Dində də var ki, qadın kişidən bir pillə yuxarıdadır. Biz də bunu qəbul etməliyik. Mən bütün qadınların qarşısında baş əyirəm. Hərdən məni yalnış anlayırlar, amma elə xanımlar da var ki, görəndə üzümdən, alnımdan öpürlər. Mən heç vaxt qadınlarımızı əzmərəm. Amma biz hamımız qəbul etməliyik ki, kişilər hər zaman qadınlardan öndədir və elə də olmalıdır. Dediyim sözləri də heç vaxt danmıram.

- Yəqin, əriniz desə ki, bu sənəti at, evdar qadın ol, ona da razı olarsınız…

- Deyərəm ki, mənim gözlərim üstə. Onsuz da, bu həyatda iki oğlum və yoldaşım üçün yaşayıram. Əgər desə, oxuma, özü də çox gözəl bilir ki, oxumaram. Üstəlik, o mənə oxuma deyib və mən iki il səhnədən uzaq qalmışam. Bu müddətdə də evdə övladlarımla məşğul olurdum, şirniyyatlar bişirirdim. Heyif deyildi?

- Əgər musiqiçi olmasaydınız, hansı sahədə özünüzü sınayardınız? Şirniyyat bişirməkdən başqa hansısa istedadınız varmı?

- Çox yaxşı vizajist olardım. İndiyə qədər məni heç kəs bəzəməyib. İstər saçım, istərsə də makyajımı həmişə özüm etmişəm. Saçımı kimlərəsə etibar edirəm, makyajımı yox. Bir dəfə olub, onda da sevməmişəm. Axı bu özü də bir sənətdir. Səhnə üçün hər şeyi etməyə hazır olmalıyıq. Artistlik etməyi də bacarmalıyıq. Səhnədə, yeri gəldi, ağlamalısan, yeri gəldi, gülməlisən.

- Siz indi belə edirsiniz? Yəni, artistlik edirsiniz?

- Məncə, hə. Bir dəfə “Ayrılıq” mahnısını oxudum. Hamı dedi ki, yüz faiz həyat yoldaşından ayrılıb. Dedilər, elə oxuyurdun ki, ayrıldığınızı düşündük. Dedim, elə əsas məsələ də o obrazı yaratmaqdır. Yəni, biz səhnədə aktyoruq, aktrisayıq və bunların hamısını da etməliyik. Ailə dəyərləri ilə bağlı məsələlər isə mənim çox sevdiyim mövzudur. Onu mən sevə-sevə danışıram. Çünki mənim bu fikirlərim çoxlarına təsir edir. Necə ki, mən özümdən böyüklərin sözlərinə sevərək qulaq asıram. Sadəcə, əvəllər çox aqressiv və emosional danışırdım. Sonra baxdım ki, kənardan pis görünür və zaman keçdikcə özümü bir az yığışdırdım. Məndən yaşca kiçik olanlar da baxır və deyirlər ki, Ofelya xanım düz deyir.

Demək istədiyim odur ki, kişi pişik kimi bir şeydir. Ona sığal çəksən, həmişə sənin yanındadır. Eybi yoxdur, qoy bir dəfə də çor desin. Mənə o qədər deyir ki. Məşhur bir sözü var, əsəbləşən kimi deyir, itil gözümdən, səni görməyim. Deyirəm, hə, itilim də, nolar. İki dəqiqədən sonra qayıdıb çayını da verirəm, üzünə də gülürəm. Bununla da hər şey bitir. Yəni, kinli deyilik. Nə mən, nə də yoldaşım.

- Yəni, səhnə üçün istənilən şeyi etməyə hazırsınız da?

- Heç bir kompleksim yoxdur. Bəyənən bəyənib, sənətim də ortadadır. Hər kəs də məni səsimə görə sevir. Deyirlər ki, kaş bizim toyumuzda Ofelya oxuyardı. Ona görə də heç bir kompleksim yoxdur. Saç, makyajı da səhnə tələb edir, ona görə edirəm.

- Sənətiniz ailədaxili işlərinizə mane olmur? Məsələn, tədbirdən, toydan evə gec gedəndə əriniz narazılıq etmir, qısqanmır?

- Mən yoldaşımdan ayrı mağazaya belə getmirəm, nəinki toya. Heç alış-veriş etməyi də bacarmıram. Qiymətlərdən də xəbərim yoxdur. Kartla ödənişlərdən başım çıxmır. Amma evdarlığım yüksək səviyyədədir.

- Ciddi deyirsiniz?

- Bəli. Qardaşımın evinə belə yoldaşımdan ayrı getməmişəm, getmərəm də. Hərdən məni qınayırlar, amma eybi yoxdur, canları sağ olsun. Vaxt gələcək deyəcəklər ki, Ofelya düz deyirdi. Mən ailəmdən də bu cür görmüşəm. Anam atama necə qulluq edirdi, başına dolanırdısa, mən də elə edirəm. Mən ilk dəfə həyat yoldaşımın ayaqqabısını təmizləyəndə, corabını geyindirəndə özünə də qəribə gəlmişdi.

- Bunu həyat yoldaşınız tələb edirdi?

- Heç vaxt. O, bir dəfə də olsun mənə deməyib ki, gəl mənim corabımı geyindir. Elə olub ki, əsəbləşib mənə acı sözlər deyib. Küsülü olsam belə, yenə də onun corabını özüm geyindirmişəm, ayaqqabısını özüm təmizləmişəm. Qadının vəzifəsi və borcu kişiyə qulluq etməkdir. Necə ki, qadınlar deyir, ərin vəzifəsi qazanıb bizə gətirməkdir. Deməli, qadınının da vəzifəsi kişinin başına fırlanmaqdır.

Sizə qalan həyat yoldaşlarınızdır. Heç övladlarınız da deyil. Hətta dində də belə bir şey var. Mən özüm də beş il dinlə bağlı müəllimlik etmişəm. Əgər qadın dua edirsə, özü üçün nəsə istəyirsə, Allah o duanı qəbul etmir. Birinci duanı həyat yoldaşın üçün etməlisən, sonra özün üçün. O zaman dualar da qəbul olur. Hətta dedilər ki, Ofelya deyir, mənim ərim, mənim Allahımdır. Yox, mənim evimin Allahı, mənim ərimdir. Bu dində də var. Bir xanım Peyğəmbərimizə sual verir ki, əgər Allah olmasaydı, biz kimə itaət edərdik? O da cavab verib ki, həyat yoldaşlarınıza. Ona görə mən də hər zaman deyirəm ki, mənim evimin Allahı həyat yoldaşımdır.

- Din xadimləri ilə üz-üzə gəlməkdən qorxmursuz?

- Qətiyyən. Pis nə deyirəm ki, din xadimləri ilə də üz-üzə gəlim? Demirəm ki, yoldaşınızı söyün, döyün. Əksinə, sizin yoldaşınızla aranızda hər hansı mübahisə olubsa, ya da yoldaşınız sizi vurubsa, ilk olaraq elə valideynləriniz sual verməlidir ki, nə etmisən ki, ərin səni vurub?
Düzdür, şiddətə qarşıyam, ancaq soruşmaq lazımdır ki, ay arvad, sən nə etmisən, kişi sənə əl qaldırıb?

Kişi dəli deyil ki, durduğu yerdə arvadı vursun. Bir dəfə danışığıma görə yoldaşım mənim qolumu çox pis sıxmışdı və o ağrını üç gün hiss etmişdim. Hələ də o danışığıma görə utanıram. Elə o cür danışığıma görə də düz edib. 17 yaşım olanda mənim qolumu o cür sıxmasaydı, indi mən də ağzıma gələni danışardım.
Hansı qadın ki, boşanır, günah onun özündədir. Soruşmaq lazımdır ki, sən nə etmişdin, ərin səni boşadı? Kişini yola verməyi bacarmaq lazımdır.
Mən hələ yoldaşımdan icazəsiz evdən pul götürməmişəm. İstər öz qazancım olsun, istərsə də yoldaşımın qazancı olsun. Uşağa da pul verəndə icazə almışam. Övladımıza da yoldaşımın adını vermişəm. Hətta dində var ki, yoldaşının icazəsi yoxdursa, qardaşına belə su vermə. Bu, qadın üçün savabdır, günah deyil.

- Oğlunuza, doğrudan, ərinizin adını qoymusunuz?

- Bəli. Dilin qurusun, Ofelya. Danışa-danışa yoldaşımı da xəstəxanalıq etdim. O qədər dedim ki, göz dəydi, vallah. Çox ağır əməliyyat oldu. Demək olar ki, ölümdən döndü. Allah onu qaynanama - əllərindən öpürəm qaynanamın, - mənə və övladlarına bağışladı. Şükür bu günümüzə. Ondan sonra danışmağa da qorxuram. Düzdür, yoldaşımı çox sevirəm. O, mənim ilk məhəbbətimdir. İlk sevdiyim şəxslə ailə qurmuşam. Bu da, bilirsiz ki, az hallarda olur. Mən buna görə çox şanslıyam və bizdə hər şey qarşılıqlıdır.
Qadının birinci vəzifəsi kişini sevməkdir. Mənim oxuya bilmədiyim janr yoxdur. Rok, caz, muğam... yeri gələndə meyxana da oxuyuram, amma qulaq asan olmur. Həyat yoldaşım məsələsini də nəyəsə görə ortaya atmamışam. Bir dəfə Zaur Nəbioğlu verlişində soruşdu ki, Ofelya, səhnə, toylar... bəs yoldaşınıza ayırmağa vaxtınız olur? Mən də dedim ki, onun corabına kimi özüm geyindirirəm. Bununla da Ofelya oldu məşhur. Yəni, mənim sənətim maraqlı olmayıb. Hərdən özümə də təsir edir ki, o qədər əsərlər oxudum, musiqilərimə ürək qoydum, dinləyən olmadı. Bir dəfə ərimin corabını yudum, ondan sonra mahnılarıma da qulaq asdılar, özümü də tanıdılar.

- Müasir musiqilərimiz haqqında nə düşünürsünüz? Kimləri bəyənirsiz?

- "Bəyənmirəm" sözünü heç vaxt demərəm. Hər müğənninin öz kütləsi var. Səhnəyə yeni gələn qızlar özlərini qaldırıb dağ başına. Mənim haqqımda danışanda da, "o xanım" deyib danışırlar. Mən "o xanım" deyiləm, Ofelya Şabanovayam. Heç kim haqqında da "bayağı oxuyur" deyə bilmərəm. Hamımız eyni millətik. Onların da tərzi odur. Onlar milyonçu olsaydılar, soruşardım ki, bu nə mahnılardır oxuyursunuz? Axı o qızlar həmin o bayağı mahnıları ifa edərək balalarını saxlayırlar. Ona görə də bir söz deyə bilmərəm.

- "Qızlar"... belə çıxır ki, tək qadın müğənniləri bayağı hesab edirsiz?

- Hə, çoxu xanımlardır. Kişi müğənnilərin tək-tükü belədir. Onlara da pis baxmıram. Əksinə, düşünürəm ki, pis yola düşməyiblər. Halal zəhmətləri ilə çörəklərini qazanırlar. Allah ruzilərini bol etsin.

- Nə vaxtsa həyat yoldaşınız sizə xəyanət edib?

- Bir dəfə mənə dedilər ki, yoldaşın sənə xəyanət edib. Onda sanki başıma qaynar su töküldü. İndiki ağlım olsaydı, deyərdim ki, gözümlə görməmişəm. Deyərəm ki, sübut edin, nəsə göstərin, ondan sonra. Yaxşı arvadın əri gəzməz. Bu sözümə görə, qadınların bir çoxu ayağa qalxmışdı. Hələ bəzi utanmazlar da dedi ki, yaxşı kişinin arvadı gəzməz. Utanmırsınız? Ayıbdır e... Sən ərinə yaxşı qulluq etsən, ər sənə heç vaxt xəyanət etməz. Qadın mükəmməl olduğunu düşündüyü halda kişi yenə də gəzirsə, deməli, ortada nəsə əmma var. Elə pullu kişilər var ki, arvada necə baxır, ona nələr-nələr alır. Qızılı, brilliantı əskik olmur. Arvad yenə də razı qalmır, deyir ki, məni saymır. Bilirsiniz, niyə belədir? Arvadın gözünü pul örtür, bir dəfə də olsa əri ilə maraqlanmır. Kişi qısqanılmağı sevir. Sonra da boşananda deyir ki, ərim məni saymırdı. Axı sən etdin bunu, ay qadın...
Düzdür, haqlı olduğu halda ayrılan xanımlarımız da az deyil. Eləsi var ki, ərə gedirsən, psixi problemli biri çıxır. Bəli o zaman boşanmaq lazımdır.

- “Ayağının tozuna qurban olaram” dediyiniz ərinizin xəyanətini bağışlayarsınız?

- Heç vaxt bağışlamaram. Çox qısqanc qadınam. Mənim yoldaşım məni hansısa qadına dəyişə bilməz. Onsuz da, xəyanəti qadın edir, kişi yox. Kişi də itin yanına getmir ki, hansısa qadının yanına gedir. Yəni, xəyanəti qadına başqa bir qadın edir. Elə bir şey olsa, dərhal ayrılaram. Mən axı onu bu qədər sevmişəm. Hətta xəstə olanda ona ciyərimi belə verməyi düşünürdüm. O, məni heç kimə dəyişə bilməz.

- İndiki müğənnilərin geyim tərzi haqqında nə düşünürsünüz?

- İndiki müğənnilərin geyimi yoxdur axı. Nə haqqında danışaq? Az qala, paltarsız gəzirlər. Nəsə geyinsin ki, haqqında nəsə danışım da. Abırlı geyinən qızlarımız da var. Mənim kimi. Son günlər gündəmdə olan bir “şinanay” müğənni var. Deyir ki, bu səhnədə heç kim süddən çıxmış ağ qaşıq deyil. Sənin başın üçün. Elə o ağ qaşığın biri mən özüməm.

- Pərəstişkarlarınızdan hədiyyə alırsınız heç?

- Elə də fərqli hədiyyələr almamışam, amma konvertlər olub, qızıl olub. Hətta qoyun göndərənlər də olub. Bir də, haqqını heç vaxt itirə bilməyəcəyim bir xanım var. Sahilə Pənahova. Mənim səhnəyə yenidən gəlməyimin səbəbkarı o xanım olub. Hətta qızıla qədər taxıb boynuma, qoluma. Düzdür, indi məndən küsüb. Canı sağ olsun. Heç vaxt demərəm niyə küsüb. Üzr də istəmərəm. Yalnız səhvim olduğu halda üzr istəyərəm. İnsandır da, bilmədən qəlbini qıra bilərəm. O halda üzr istəməyi də bacarıram. Amma o xanımın haqqını heç vaxt itirmərəm. Bəziləri "həcilər"i ilə səhnəyə gəlib. Mənim də köməyim Sahilə xanım olub. Arzu edirəm ki, hansısa pərəstişkarım tərəfindən mənə balaca bir xalça hədiyyə olunsun. Xalçanın üzərində də mənim, yoldaşımın və iki oğlumuzun rəsmi olsun. Bunu çox arzulayıram.

- Ailənizdə musiqi ilə məşğul olan biri varmı? Sizə kim daha çox dəstək olub?

- Demək olar ki, hamımız. Amma daha çox həyat yoldaşım dəstək olub. Üç ali təhsili var. Ona görə də onun sözləri mənim üçün əhəmiyyətlidir. Balaca oğlum da musiqiyə qarşı həvəslidir, həm də rəssamdır. Böyük oğlum da hiss edirəm ki, musiqiyə meyillidir. Amma çətin sənətdir. Yenə də arzu etsələr, qarşı çıxmaram.

- Sizin üçün əsl sənət adamı necə olmalıdır? Sizin kimi, yoxsa başqa meyarlar da var?

- Əsl sənət adamı birinci növbədə ibrətamiz olmalıdır. Sən səhnəyə çıxıb camaatın kişilərinə ayaqlarını göstərməməlisən. Sənətini qoymalısan ortaya. Bizdə əksinədir. Ayaqlarını göstərirlər, arxalarını çevirirlər. Musiqidən başqa hər şey ilə gündəmə gəlirlər. Səhnə adamı qapalı və əlçatmaz olmalıdır. Həm danışığı ilə, həm də rəftarı ilə.

- Heç sevmədiyiniz sənətçi var?

- Mən küsməmişəm heç kəsdən. Ancaq məndən küsən bir-iki nəfər var. Onlar da getsinlər - soyuq su nədir e, lap buz yesinlər. Mənim də xoşuma gəlməyən sözlər var; onlar birini deyib, mən də beşini qaytarmışam. Heç peşman da deyiləm. Amma ümumi baxsaq, hamıyla münasibətim normaldır. Tək bir insan var ki, onunla aram çox yaxşıdır. O da Kəmalə Günəşlidir. Biz 20 ildir ki, biri-birimizi tanıyırıq. Hələ bir dəfə də olsun, aramızda mübahisə olmayıb. Ümumiyyətlə, müğənni tayfasını evimə belə yaxın buraxmıram. Tək ondan başqa. O qız həyatda efirdə olduğu kimi deyil. Sadəcə, rola girir. Həyatda tamam fərqli biridir. Kim də onun haqqında nə danışırsa, qələt edir. Elə belə də yazarsız.

- Sizcə, Ofelya xanımın ən fərqli cəhəti nədir?

- Həyat yoldaşını sevməyi, canlı oxumağı. Bu xüsusiyyətlər məni hamıdan fərqləndirir. Hamı canlı oxuya bilir, amma Ofelya kimi qüsursuz oxuya bilən yoxdur. Hamı mənim yolumu getməyə çalışır, amma alınmır. Danışmağa nə var ki? Əsas odur, ortaya bir iş qoyulsun. Xalqın gözü tərəzidir. Milət bilir ki, kimə qarşı hansı hərəkəti etmək lazımdır. Elə oxuyanlar var ki, vid-fasonuna görə çıxıblar ortalığa, kukla kimi gəzirlər. Mən isə, əslində, xanəndəyəm. Muğam ilə gəlmişəm səhnəyə. Sonra gördüm ki, buna qiymət verən yoxdur. Qoşuldum "şinanay" müğənnilərə. Camaat nə istəyirsə, onu da oxuyacam. Ofelya əsərlər oxudu. O boyda caz ifa etdi, amma qiymət verən olmadı. Belə davam etsə, ölkədən getməyi də düşünürəm. Təkliflər də var. Yəqin ki, çıxıb gedəcəm tezliklə. İş birliyimiz var, yoldaşımla birlikdə çıxıb gedəcəyik. Ondan sonra deyəcəklər ki, bizim Ofelyamız var idi.

- Toylarda ifa etməyin sənətinizə təsiri necə olub? Adətən, toy ciddi sənət sayılmır.

- İndiki zamanda toya getmirsənsə, sən heç müğənni deyilsən ki. Səhnədə oxumağa nə var ki? Toy akademiyadır. Altı saat oxumaq sizə asan gəlir. Bizim şou-biznesdə çox az sayda adam var ki, toyda əvvəldən axıra qədər canlı oxuya bilsin. Mən şəxsən bütün toylarda canlı oxuyuram. Çox az hallarda... bəzən musiqiçilər hansısa mahnını çala bilməyəndə fonoqram oxuyuram. Bizim elə müğənnilərimiz var ki, heç canlı oxuya bilmir. Amma biz şöhrətpərəst millətik axı. Elə fiqurları sırf ad olsun deyə toylara dəvət edirik. Sonra qürurla deyək ki, bəs gördün, toyuma filan müğənnini gətizdirmişdim. Mən elə düşünürəm ki, camaatın yeddi-səkkiz min pul verib toya gətirdiyi müğənninin borcudur ki, bütün toyu canlı oxusun. Ay camaat, ayılın, o pulu yerdən yığmırsınız axı...

- Heç havayı oxuduğunuz toy olub?

- Mən şəhid ailəsi, şəhidin bacısı, qardaşı və övladlarının toyuna pulsuz gedirəm. Adamına görə qiymət təyin edirəm. Elə insanlar var ki, imkanı zəifdir. Amma toyunda oxumağımı çox arzulayır. Elə insanların toyuna canla-başla gedirəm.