Məşhur Yuri Nikulin Sirki Bakıya GƏLDİ

Moskvanın Svetnoy Bulvardakı məşhur Yuri Nikulin Sirki 10 ildən sonra yenidən, mart ayının 15-dən etibarən Bakıya gəlib
Redaktor.az xəbər verir ki, Bakı Dövlət Sirkinin təşkilati dəstəyi ilə paytaxta səfər edən qonaqlar ənənəvi olaraq qazi ailələrinin övladları və cəmiyyətdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri də nümayiş etdirəcək. Xeyriyyə şousu 21 mart saat 12:00-da baş tutacaq.
Sirk proqramında Yuri Nikulin Sirkinin dünyaca məşhur, müxtəlif festivallarda mükafatlara layiq görülən artistləri çıxış edəcək.
Macəra dolu sirk proqramında akrobat, gimnast və ekvilibristlər sizi heyran edəcəklər. Klounlar isə sizi ürəkdən güldürəcək.
Onlar Monte-Karloda keçirilən Ümumdünya Sirk Festivalının laureatları, “Dünyanın ən yaxşı klounları” Beynəlxalq Festivalında Qran-pri, eləcə də “İlin klounu” Ümumrusiya Sirk Mükafatı laureatlarıdırlar.
Əyləncə dolu sirk şousunda sözəbaxan ayı, it, meymun və su heyvanları sahiblərinin onlara verdiyi tapşırıqlarını mehribanlıqla yerinə yetirib, sadiq dost olduqlarını sərgiləyəcəklər.
Həm uşaq və həm də böyüklər üçün olan proqram rəqqasların hər nömrədən öncə göstərdikləri unikal rəqsləri ilə də yadda qalan olacaq.
Gözoxşayan fərqli kostyumlar və səhnə dekorları məşhur Yuri Nikulin Sirkinin müasir standartlarına uyğun qurulub.
Sirk tamaşaları həftə sonları (şənbə, bazar) və Novruz bayramı günlərində gündə iki seans olmaqla təşkil olunacaq.
Proqram Bakı İdman Sarayında (Əl Oyunları Sarayı) nümayiş ediləcək.