Elza Seyidcahan Milli Qəhrəmana mahnı həsr etdi - VİDEO

 17:49 24.04.2025     208

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə mahnı həsr edib.

Redaktor.az xəbər verir ki, bu barədə musavat.com-a açıqlamasında Əməkdar artist özü bildirib. O, qeyd edib ki, “Albert Aqarunov” adlanan mahnının sözləri Anar Məmmədova məxsusdur:

“Albert mənim üçün təkcə qəhrəman deyil, bir rəmzdir! Azərbaycan oğlunun milliyyətə, dinə etnik mənsubiyyətə baxmadan Vətən üçün şəhid olmasının canlı heykəlidir!”

Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. O, 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurub. Buna görə bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoyublar.

Aqarunov 1992-cu ilin mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

A.Aqarunov Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.