Ağamirzədən Rəşad Dağlı ilə bağlı açıqlama: “Bundan imtina elədi...”

Rəşad Dağlı adı uzun illərdir təkcə meyxana məclislərində deyil, insanların yaddaşında da iz buraxıb. Onun səhnədəki duruşu, sözə verdiyi dəyər və sənət yoldaşlarına münasibəti hər zaman xüsusi ehtiramla qarşılanıb. Lakin son zamanlar adı qalmaqallı hadisədə hallanan meyxanaçı ilə bağlı fikirlər birmənalı olmayıb. Elə bu məsələyə münasibət bildirən meyxana ustası Ağamirzə də Rəşadın belə bir hadisəyə qarışmasının ağlasığmaz olduğunu deyib.
Redaktor.az xəbər verir ki, bunu yenisabah.az-a açıqlamasında tanınmış meyxanaçı Ağamirzə Məmmədov həmkarı Rəşad Dağlı ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, Rəşadın ailəsi ilə birbaşa əlaqəsi olmasa da, atası və qardaşı ilə tez-tez ünsiyyətdə olur:
"Nə yalan deyim, mən Rəşadın ailəsi ilə o qədər də maraqlanmıram. Amma atası və qardaşı ilə danışıram. Bildiyimə görə, Baləli, Orxan, Ruslan onun ailəsinə daha yaxından dəstək olurlar. Mən də qardaşı və atası ilə yaxınam. Hətta bu yaxınlarda atası ilə oturub uzun-uzadı söhbət etdik".
Ağamirzə həmçinin Rəşad Dağlının meyxana aləmində və məclislərdə hər zaman hörmətlə yad edildiyini bildirib:
"Məclislərdə də adı tez-tez çəkilir. Çünki Rəşad həmişə hörmətli, izzətli insan olub. Bu hörməti mənə də hər zaman hiss etdirib. Meyxana deyəndə də bunu açıq şəkildə göstərirdi. Bir dəfə mənə təklif etdilər ki, Rəşadla deyişmə edim. Amma o, bu təklifdən imtina etdi və dedi ki, "bu, mənlik deyil, edə bilmərəm". Bu cür davranışlarını çox yerdə görmüşəm".
Meyxana ustası sonda baş verən hadisənin onun üçün gözlənilməz olduğunu da qeyd edib:
"Heç ağıla gələn deyildi ki, belə bir hadisəyə qarışsın. Allah hər iki tərəfə səbir versin. Ağır durumdur. Amma Rəşadı tanıyan biri kimi deyə bilərəm ki, o, hər zaman təmkinli, ölçülü-biçili insan olub".