Bu müğənnilər qurban kəsməyəcək - Özləri DANIŞDI

Sabah Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Hər il olduğu kimi, bu il də insanların qurban kəsib, ehtiyacı olanlara pay aparacağı gözlənilir.
Bəs, tanınmış sənət adamlarından kimlər qurban kəsəcək?
Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı "Qaynarinfo" bir neçə sənət adamı arasında sorğu keçirib.
Xalq artisti Niyaməddin Musayev bildirib ki, ailə daxilində qurban kəsib-kəsməyəcəkləri ilə bağlı müzakirə aparılmayıb:
"Bu günə kimi qurban kəsməklə bağlı evdə bir qərar verməmişik. Qəti qərarımız yoxdur".
Əməkdar artist Firuzə İbadova da qurban kəsməyəcək:
"Sabah təəssüf ki, biz qurban kəsməyəcəyik".
Müğənni Nadir Qafarzadə Azərbaycan xalqının Qurban bayramını təbrik edib:
"Sabah nə edəcəyimi bilmirəm, amma onsuz da hər gün nəsə edirəm. Hər gün ehtiyacı olan bir ailəyə gücüm çatan səviyyədə yardım edib, ehtiyacı olan əşya ilə təmin edib onu sevindirirəm. İnsanları sevindirmək tək bir gün deyil. Elə dünən bir ailəni ərzaq məhsulları ilə təmin etdim. Bu, mütəmadi olaraq mənim bir işimə çevrilib. Yəqin ki, sabah əziz gündə bir neçə ailənin evinə pay aparacam".
Meyxanaçı-müğənni Samirə Yusifqızı hesab edir ki, borcu olan insanların qurban kəsməsi düzgün deyil:
"Borcu olan adama qurban kəsmək düşmür. Amma həmişə kəsmişəm. Ötən il qurban kəsib reabilitasiya mərkəzinə apardım. 44 günlük müharibədə qəhrəmanlıq göstərən əsgərlərimiz üçün qurban kəsib, qanını onların alınlarına çəkmişəm. Amma indi borcum olduğu üçün imkan yoxdur kəsməyə".
Müğənni Əlikram Bayramov isə 17 kiloluq qoyun aldığını açıqlayıb:
"Bilgəhdə qurban kəsəcəm. Onu kəsib 7 evə pay verəcəm. Ancaq kasıb adamları nəzərdə tutmuşam. Bir az da özümə saxlayacam. Qurban əti dadlı olur, qoy öz evimdə də bişsin".