Türk serialları dünyanı fəth edir - 1 milyard tamaşaçı

Türkiyə mədəniyyətinin ən güclü ixrac vasitələrindən biri sayılan seriallar dünya miqyasında rekord qırmağa davam edir.
Redaktor.az xəbər verir ki, ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun jurnalistlərə açıqlamasına görə, hazırda türk seriallarının tamaşaçı sayı 1 milyard nəfərə çatıb. Halbuki cəmi bir il əvvəl bu rəqəm iki dəfə az idi.
Nazirin sözlərinə görə, hazırda 170 ölkədə yayımlanan türk serialları Amerika ilə rəqabətdə Türkiyəni dünya kino və televiziya sənayesinin əsas oyunçularından birinə çevirib. Məşhur “Möhtəşəm Yüzil” və ya “Sən çal qapımı” kimi layihələrin izləyiciləri təkcə ekran qarşısında qalmaqla kifayətlənmir, çox vaxt Türkiyəyə səyahət etməyə qərar verir və ölkənin mədəniyyətinə, turizminə daha böyük maraq göstərirlər.
Serialların məzmununda isə müəyyən məhdudiyyətlər mövcuddur, süjetlərdə münasibətlər ənənəvi mənəvi dəyərlərə uyğun şəkildə təqdim olunur, həddən artıq açıq-saçıq səhnələrə və zorakılığa yer verilmir.
Türkiyə ötən il təkcə serialların satışından 500 milyon dollardan artıq gəlir əldə edib. Dünyaya ixrac olunan 300-dən çox serial əsasən Yaxın Şərq və Latın Amerikası tamaşaçıları tərəfindən böyük maraqla qarşılanır.