Teylor Svift Mahnı Müəlliflərinin Şöhrət Zalına daxil edilən ən gənc qadın OLDU

 16:54 12.06.2026     270

Amerikalı müğənni Teylor Svift Mahnı Müəlliflərinin Şöhrət Zalına daxil edilən ən gənc qadın kimi tarixə düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Məlumata görə, 36 yaşlı sənətçinin təltifetmə mərasimi iyunun 11-də Nyu-Yorkda keçirilib. Mərasimdə Teylor Svifti məşhur rejissor Stiven Spilberq təqdim edib.

Qeyd olunub ki, Mahnı Müəlliflərinin Şöhrət Zalının qaydalarına əsasən, namizədin debüt albomunun buraxılışından ən azı 20 il keçməli və onun zəngin mahnı kataloqu olmalıdır.

Bildirilib ki, Teylor Sviftin debüt sinqlı olan “Tim McGraw” 2006-cı ilin iyununda işıq üzü görüb və onun ilk albomunun əsas mahnısı olub.

Müğənni həmin vaxtdan etibarən pop, kantri və folk janrlarında 12 albom təqdim edib və 14 “Qremmi” mükafatı qazanıb. O, həmçinin “İlin albomu” nominasiyasında rekord sayda – dörd dəfə qalib olub.

Məlumata görə, Svift bu ada layiq görülən ikinci ən gənc sənətçidir. Rekord hələ də 33 yaşında Şöhrət Zalına daxil edilən Stivi Uanderə məxsusdur.

“Forbes” jurnalının qiymətləndirməsinə əsasən, Teylor Sviftin sərvəti 2 milyard dollar təşkil edir. O, əsasən musiqi fəaliyyəti, konsertlər və müəllif qonorarları hesabına milyarder statusu qazanan nadir sənətçilərdən biri hesab olunur.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən