Ölümü ilə bağlı istintaqda “Kurtlar Vadisi”nin ssenaristləri dindirildi
Türkiyənin keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri cəzaçəkmə müəssisəsində şübhəli ölümünə dair bərpa edilən istintaq çərçivəsində “Kurtlar Vadisi Pusu” serialının ssenaristləri “məlumat sahibi” statusunda ifadə veriblər.
Redaktor.az bu barədə Türkiyə mətbuatı Silivri Respublika Baş Prokurorluğunun istintaq materiallarına istinadən məlumat yayıb.
Məlumata görə, serialın ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan ifadələrində layihədə yer alan personajların və ssenari xətlərinin real şəxslərlə birbaşa əlaqəsinin olmadığını, süjetin ümumi gündəm əsasında kurgulandığını bildiriblər. İstintaq orqanları serialda “Kazım Kaşifoğlu” obrazının təqdim olunma forması və xüsusən Kozinoğlunun ölümündən iki gün əvvəl yayımlanan epizoddakı hədələyici səhnələrlə real hadisələr arasında psixoloji təsir və ya təşkilati təbliğat bağlarının olub-olmadığını araşdırır. Həmçinin, Kozinoğlunun məzarının açıldığı günlərdə seriala aid sosial media hesablarında həmin obrazın öldürüldüyü kadrların “tarixi infaz” başlığı ilə paylaşılması da hüquqi qiymətləndirmə mövzusu olub.
Ədliyyə naziri Akın Gürlekin açıqladığı kimi, Faili Məlum Olmayan Cinayətləri Araşdırma İdarəsinin təhlillərindən sonra 2012-ci ildə verilmiş xitam qərarı ləğv edilərək xüsusi istintaq qrupu yaradılıb. Dəqiq ölüm səbəbini müəyyənləşdirmək üçün məzarın açılması (feth-i kabir) proseduru icra olunub, cəzaçəkmə müəssisəsinin sabiq əməkdaşları, tibb personalı və media nümayəndələri də daxil olmaqla iş üzrə həbs edilənlərin sayısı 4-ə, məhkəmə nəzarətinə götürülənlərin sayısı isə 13-ə çatıb.
Aminə ŞAHSUVARQIZI













