Afra Saraçoğlu sərbəst buraxıldı - YENİLƏNİB
Fransadan qayıdarkən İstanbul Hava Limanında saxlanılan türkiyəli aktrisa Afra Saraçoğlu sərbəst buraxılıb.
Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Bakırköy Baş Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində saxlanılmışdı.
Saraçoğlu əvvəlcə Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanasında tibbi müayinədən keçirilib. Daha sonra Məhkəmə Tibb Qurumunda və prokurorluqda müvafiq prosedurlar tamamlandıqdan sonra sərbəst buraxılıb.
Aktrisanın menecer şirkəti məsələ ilə bağlı açıqlama yayıb:
“Afra Saraçoğlu xarici səfərini başa vuraraq hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmə Tibb Qurumunda və prokurorluqda müvafiq prosedurların tamamlanmasının ardından sərbəst buraxılıb”.
***
Türkiyədə Bakırköy prokurorluğu tərəfindən 18 sentyabrda narkotik işi üzrə başladılan istintaq davam edir.
Redaktor.az xəbər verir ki, bu iş üzrə aktrisa Afra Saraçoğlu Fransadan qayıdarkən İstanbul hava limanında saxlanılıb.
Saraçoğlu daha əvvəl sosial media hesabında xaricdə işgüzar səfərdə olduğunu və ifadə vermək üçün ən qısa müddətdə geri qayıdacağını bildirmişdi.
Qeyd edək ki, 18 sentyabrda İstanbulda məşhurların da aralarında olduğu şəxslərə qarşı narkotik əməliyyatı keçirilib. Əməliyyat Bakırköy Respublika Baş Prokurorluğunun apardığı “Məşhurlara qarşı narkotik araşdırması” çərçivəsində İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən həyata keçirilib.
Əməliyyat zamanı 15 nəfər saxlanılıb. Saxlanılanlar arasında aktyor Aras Bulut İynemli, müğənni Sefo (Seyfullah Sağır), aktrisa Melis Sezen, aktrisa Nilperi Şahinkaya, Hande Demir, keçmiş futbolçu Hasan Şaş, aktrisa Melis İşiten, aktrisa Yeliz Yeşilçimen, müğənni Anıl Durmuş, aktrisa Hazal Filiz Küçükköse, Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzelcik, Sezer Çakır və Sayat Zurnacı da var.













