İlyas Yalçıntaş narkotik ittihamı ilə 10 ilə qədər həbs oluna bilər

 21:46 18.10.2026     83

Məşhur türkiyəli müğənni İlyas Yalçıntaşa qarşı narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı maddəsi üzrə ittiham aktı hazırlanıb.

Redaktor.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, prokurorluq sənətçi üçün ən azı 10 il azadlıqdan məhrumetmə cəzası tələb edir.

İstintaq İstanbul Jandarma İdarəsinin keçirdiyi əməliyyat tədbirləri çərçivəsində bir neçə tanınmış şəxsin narkotik maddələrdən istifadə etməsi və onları bir-birinə ötürməsi barədə daxil olan məlumatlar əsasında başlayıb. Müğənninin evində keçirilən axtarış zamanı iki ədəd çətənə üyütmə aparatı, dəqiq tərəzi və içərisində bitki qalıqları olan banka aşkar edilərək müsadirə olunub. Həmçinin onun telefonundakı səsli və yazılı mesajların narkotik dövriyyəsi ilə bağlı olduğu iddia edilir.

İlyas Yalçıntaş dindirmə zamanı ittihamları rədd edərək narkotik istifadəçisi olmadığını bildirib. O, bankadakı maddənin anasının göndərdiyi kəklikotu olduğunu, üyütmə cihazının dostu tərəfindən hədiyyə edildiyini, tərəzidən isə idman pəhrizini izləmək üçün istifadə etdiyini iddia edib.

Lakin ekspertiza nəticələri müğənninin əleyhinə çıxıb. İttiham aktında qeyd olunur ki, Yalçıntaşın qan və saç analizlərində çətənənin aktiv maddəsi olan THC metaboliti və kokain izləri aşkarlanıb.

Məhkəmə prosesi əvvəlcə Bakırköy Ağır Cəza Məhkəməsinə təqdim olunsa da, aidiyyəti üzrə baxılması üçün iş İstanbul 19-cu Ağır Cəza Məhkəməsinə göndərilib. Məhkəmə baxışı yaxın günlərdə başlayacaq.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən