Aqşin Fateh SÖYÜŞ SÖYƏN həmkarlarına səsləndi: "... altından çıxa bilməyəcəksiniz" / VİDEO

 14:00 12.04.2019     1475

Meyxana deyəndə, ilk olaraq adamın ağlına siqaret, söyüş, narkotik vasitə, jarqon ifadələr, xüsusi formada çevrilən təsbehlər, tüstü-duman gəlir.

Əslində, bütün bu neqativləri formalaşdıran elə meyxanaçıların özləridir. Xüsusilə "mağar" toylarında əlverişli poliqon əldə edən meyxana ustalarının söyüşlü, dumanlı atmacaları sərhəd tanımır. Nəzərə alınmır ki, lentə alınmış bu deyişmələr əldən-ələ, evdən-evə keçəcək. Buna müxtəlif yaş kateqoriyasından olan insanlar baxacaq. Baxacaq və qiymət verəcək. Onların qiyməti bir yana, azyaşlılara pis nümunə olacaqlar... Bəzilərinin heç vecinə də deyil. Sanki bu, bir imic, başqalarından fərqlənmək həvəsidir. Sonra da onlara başqa cür baxanları elə həmin o meyxanaçılar qınayırlar...   

Efirlərimizdə bülbül kimi ötən Pərvizin (Bülbüləli) bu məsələyə yanaşması marağlı oldu. Bülbüləli deyir ki, meyxana kişi sənətidir, adından da görünür. Yəni, meyxanaçı hesab edir ki, işin içində "mey" və "xana" varsa, deməli, söhbət "mujskoy rod"dan gedir. Söhbət kişidən və onun sənətindən gedirsə buna normal baxmaq lazımdır. Pərviz Bülbülə belə deyir: 

“Səslənən söyüşlərə normal baxıram. Çünki meyxana sənəti KİŞİ sənətidir. Burda ancaq kişilər olur. Mən özüm deyişmələrimdə təhqir və söyüşlərdən istifadə etmirəm. Amma qarşı tərəfdən bu cür sərt cavablar alıram”.

Amma digər meyxana ustası Mehman Əhmədli tamam başqa cür düşünür. Hətta bu düşüncəsinə görə, təziqlərə məruz qaldığını deyir. Sənətdə olduğu 30 il onun üçün asan keçməyib:

“Mən sənətə təzə gələn vaxtlarda qınaq obyektinə çevrildim. Çünki bəzi insanların ağlında belə fikir formalaşıb ki, meyxanaçı ancaq pis vərdişlərdən, söyüşlərdən istifadə edən şəxs olmalıdır. Biz bu fikri dəyişmək üçün çox çalışdıq. Efirə çıxdıq, görüşlər keçirdik, özümüzü tanıtdıq. Amma ətrafımda hələ də bu vərdişlərdən əl çəkə bilməyən meyxanaçılar var".

Redaktor.az-a danışan Vasif Əzimov bu məsələyə daha həssas yanaşır:

“Hər zaman çalışıram ki, işimi, sənətimi, özümü insanların qarşısında layiqincə göstərim. Sənətin pisi-yaxşısı olmur, sənətçinin yaxşısı və ya pisi olur. Hər hansısa ifaçı spirtli içkini, narkotik maddələri təbliğ edirsə, bu, birbaşa onun özünün imicinə, şəxsiyyətinə zərbə vurur. Meyxana bizim folklorumuzdur, bu sənət ancaq bizim xalqımıza məxsusdur. Onu bu şəkildə nümayiş etdirmək düzgün deyil”.

Meyxanaçı Aqşin Fatehin reaksiyası isə özünəməxsus olub. O, söyüş söyən həmkarlarına çağırış edib:

“Sənət dostlarım özlərinə, sözlərinə diqqət etsinlər. Yoxsa, sözün altından özləri çıxa bilməyəcəklər”.

Redaktor.az-a danışan növbəti söz ustadı Ağamirzə olub. O, cavanlığında çox səhvlər etdiyini etiraf edib:

“Yutuba belə videoları atanlar avaralardı. Ona görə də, buna qeyri-ciddi yanaşıram. Cavanlıqda çox səhv addımlar atmışam, kimdə olmur ki?  İndiyə qədər də, söz-söhbətlərin yayılmaması üçün çox şey edirəm. Ümumiyyətlə, çalışmaq lazımdır ki, belə hallar təkrarlanmasın”.

Sevda Bayramova / REDAKTOR.AZ