"Oramı, buramı açım, bəlkə..." - Sənətçilər gənc müğənniləri QINADILAR

 20:46 22.04.2019     1190

Gənc müğənnilərimizin səhnə ifaları və geyimləri sənətçilər tərəfindən hər zaman qınanılıb.

Gənclərin bu addımını kimisi asan yolla məşhurluq qazanmaq, kimisi də sənət nümayiş etdirmək kimi qiymətləndirib. Məsələ burasındadır ki, bəzi müğənnilər geyimlərinə nəzər yetirməyərək, tamaşaçıların zövqünə təsir edir. Bu da sənətçilər tərəfindən birmənalı qarşılanmır.

Maraqlıdır, sənətçilər açıq-saçıq libaslarla gündəmə gələn gənc müğənnilərlə bağlı hazırda nələr düşünürlər?

Redaktor.az-a danışan əməkdar artist Elnarə Abdullayeva hesab edir ki, gənc müğənnilərin bu cür addım atmasına pis baxmır:

“Müğənninin işi odur. Bağlı geyinsə, deyəcəklər ki, bu nədir? Bunun kefi belə istəyir, onun dünya görüşü budur. Cavan olduqları üçün belə geyinirlər. Qocalandan sonra geyinməyəcəklər ki?! Şou aləmində gənclər belə görünmək istəyirlər. Böyüyəndə ağıllanacaqlar və başa düşəcəklər ki, olmaz”.

Əməkdar artist Aybəniz Haşımova Redaktor.az-a açıqlamasında qeyd edir ki, bu cür hallar ancaq estrada səhnəsində ola bilər:

“Dünya ilə ayaqlaşmalıyıq, inkişafın tərəfdarıyam. Ona görə də belə hallara normal baxıram. Milli, klassik musiqiçilərimizdə hər şey qaydasındadır. Estradada çıxış edənləri də bəyənirəm. Onların şouları, səhnə tərtibatları, rəqsləri çox gözəldir. Misal olaraq, Röya və Aygün xanımın adını çəkə bilərəm".

Əməkdar artist Gülüstan Əliyeva Redaktor.az-a açıqlamasında açıq saçıqlığa üstünlük verən sənətçiləri qınayıb:

“Çox pis baxıram belə insanlara. Əlbəttə ki, səhnədə müğənninin geyimi, şousu, davranışı yerində olmalıdır, ancaq ən önəmlisi sənətdir. Sənət olmayan yerdə artıq ikinci vasitə işə salınır. Yəni, oramı, buramı açım, bəlkə tamaşaçı məni bəyənər. Ola bilər ki, bu hərəkət kiminsə xoşuna gəlsin, amma bu, sənət deyil, başqa şeydir. Asan yolla məşhurluq qazanmaqdır, bu isə ondan irəli gəlir ki, səs, sənət yoxdur. Bu cür insanlar sənət tarixində qalmırlar. Gənc xanım müğənnilərimiz geyimlərinə fikir verməlidir. Belə şeylərə baş qoşmaqdansa, gedib, bir qəzəl, şeir əzbərləsinlər, aranjımanlar etdirsinlər”.

Sevda Bayramova /REDAKTOR.AZ