Prodüser "bazar"ında SON VƏZİYYƏT

 16:31 23.04.2019     1052

Bu gün Azərbaycanda şou-biznesin olmadığını deyənlər kifayət qədərdir. Efirə çıxan da, qalmaqal edən də, oxuyub-oynayan da, bir sözlə, çoxları şou-biznesdən danışmağa maraq göstərirlər. Əslində nə qədər şou-biznesimizin yoxluğundan danışsaq da, həqiqət də var ki, pis-yaxşı, oxuyub-oynayanların bir şou dünyası var.

Bəs niyə bizim müğənnilər qabağa gedə bilmirlər? Onların inkişafında böyük rol oynayan prodüserlər niyə yetişmir?

Redaktor.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, əmək bazarında müəyyən peşələr var ki, onlar üçün ixtisaslı kadrların hazırlanması, ali təhsil müəssisəndə həyata keçirilməlidir. Çünki bu ixtisasların elmi tədqiqat bazası yoxdur. Onlar birbaşa istehsalat ilə bağlı sahələrdir:

“Onlardan biri də prodüser kadrıdır. Hesab edirəm ki, bu üzrə kadr hazırlığının həyata keçirilməsi peşə təhsili müəssisələrində, orta ixtisas təhsili müəssisələrində, həyata keçirilməlidir. Çünki bu ixtisaslar çevik olaraq əmək bazarına daxil olmaq imkanına malikdir. Digər tərəfdən isə bu sahələrdə demək olar hər gün yenilik baş verir, ona görə də prodüser kadrı daha çox əmək funksiyasını yerinə yetirəndə daha yüksək səviyyədə kadra çevrilə bilər. Onlara minimum bilik və bacarıqlar öyrədilməlidir. Yəni bu kimi ixtisaslı kadrların hazırlanması üçün 4 il gözləməyə ehtiyac yoxdur.

Prodüser Anar Mədətov isə hesab edir ki, Mədəniyyət və İncəsənət universitetində mütləq şəkildə prodüserlik üzrə təhsil verilib, peşəkar kadrlar yetişməlidir:

“Bizdə prodüser ifadəsi artıq 20-25 ildir ki, düzgün şəkildə aydınlaşmır. Qara piyarla məşğul olan prodüserlər hələ də var. Əsl prodüser ulduzdan ulduz, məşhuru isə lap məşhur edər. Populyar sənətkarlarımız var ki, indi heç kimin yaddaşında qalmayıb. Prodüser istehsalçı olmalıdır. Çox təəssüf ki, bizdə prodüserin savadlı olub-olmamasına baxmırlar".

Prodüser Mədinə Məlik isə Redaktor.az-a bildirdi ki, fərdi olaraq prodüserlər yetişdirmək niyyətindədir:

“Mənim etdiyim layihələr, yaratdığım qruplar hər zaman göz önündə olub. Artıq iki uşaq mənə müraciət edib. Mən onları yoxlayacam və əgər xoşuma gəlsələr onlardan əsl prodüser yaradıb, şou-biznesə daxil edəcəm. Burada əsas məsələ cəhdlik və biclikdir. Əgər onlar fəal olsalar, mən davamlı olaraq yeni kadrlar yetişdirəcəm".

Sevda Bayramova / REDAKTOR.AZ