Sənətçilər şou aləminin mənfi tərəflərindən DANIŞDILAR - FOTOLAR

 15:09 24.04.2019     1129

Məşhurluğun mənfi və müsbət tərəfləri var. Sənət nə qədər cəlbedici olsa da, o gözəlliyin qurbanına çevrilən məşhurlarımız da az deyil.

Redaktor.az xəbər verir ki, kimi ailəsini, kimisi də səhhətini bu yolda itirir.

Tarix onu göstərir ki, mərhum reper Hüseyn Dərya məhz “Ulduzluq xəstəliyi"nə düçar olduqdan sonra narkotikaya meyillənib. 

Aparıcı Lalə Mustafayeva isə vaxtı ilə ailəni sənətə qurban verən məşhurların siyahısındadır.

Sənətin mənfi tərəflərindən gileylənən daha bir məşhur isə müğənni Elvin Abdullayev oldu. O, Redaktor.az-a bildirdi ki, hazırda gündəmdə qalmaq çox çətindir:

“Bizim işdə mənfi cəhətlər çoxdur. Hazırda sosial şəbəkələr sənətimizi düzgün və səliqəli şəkildə davam etdirməyimizə maneə olurlar. Çünki günü-gündən bayağı musiqilər, danışıqlar baş alıb gedir. Bunun qarşısı alınmalıdır. Bəsit, bayağı mahnıların dinlənilməsi, onların baxış saylarının saxta şəkildə artırılması yaxşı musiqiçiləri kənarda qoyur. Bu dəqiqə sənət çox pis haldadır".

Aktrisa Aynur Bağırova Redaktor.az-a açıqlamasında bildirdi ki, sənətin ən mənfi tərəfi yaxşıların qıraqda, pislərin isə göz önündə olmasıdır: 

“Pislər yaxşının adını batırır. İnsan çalışır özünü yaxşı göstərsin amma nəticə sıfır".

Müğənni Emil Bədəlov da sənətin mənfi tərəflərindən danışdı. O, deyir ki, bizim sənətdə rejimsizlik var. Bu proses bizim canımızı alır, gecəmiz, gündüzümüz bəlli deyil.

Gənc müğənni Ayaz Babayevin mövzuya yanaşması isə fərqli oldu:

“Bizim sənətin ən mənfi tərəfi müzakirə olunmaqdır. Mən də bunu heç sevmirəm. Rəylərdə və yaxud da lazımsız adamların ağzına düşmək məni narahat edir. Şərhlərdə yazırlar, bu nə "baboçka"dır? Bu nə saçdır? Bu məni çox əsəbləşdirir. Türklərin bir yaxşı sözü var: ”Bacarırsan destek ol, bacarmırsansa, köstek olma".

Sevda Bayramova / REDAKTOR.AZ