"Əksər döymələrim elə yerdədir ki..." - Döymə etdirən MƏŞHURLARIMIZ / FOTOLAR

 18:11 24.04.2019     1381

Şou-biznes nümayəndələri arasında döyməyə həvəs edən məşhurlarımızın sayı çoxluq təşkil edir. 

Redaktor.az bu dəfə döymə döydürən yerli məşhurlarımızı araşdırıb.

Onlar bədənlərinin hansı yerinə, nələri əks etdiriblər?

Redaktor.az-a açıqlama verən aktrisa Pərvin Abıyeva bildirdi ki, onun bədənində 4 döymə var:

“Ayağımda, barmağımda, çiynimdə və sinəmdə döymə var. Ayağımda “Anı tut və yaşa” yazısı, barmağımda ürək şəkli əks olunub. Çiynimdə kəpənək, yəni azadlığı işarə edir, sinəmdə isə "mandalya". Sevdiyim adamın adını ancaq bizə yad dildə döydürərəm".

Müğənni Ramal da tatu sevənlərdəndir:

"Biləyimin üstündə not işarəsi var. Bu isə ondan irəli gəlir ki, mən bəstəkaram, musiqiçiyəm, sənətimi çox sevirəm. Bu döyməni düzəltdirəndə bir məqsədim var idi, o da biləyimin üzərində kəsiyi bağlamaq. Gələcəkdə yenə də tatu etdirmək istəyirəm".

Redaktor.az-a danışan rəqqasə Renka söylədi ki, “Tatu” xəstəliyi onda boşandıqdan sonra başlayıb:

“Məndə 4 dənə döymə var. Belimdə iki qanad, belimin orta hissəsində ərəb qızın üzü, ayağımda güllər və yazı var. Heç vaxt uşaqlarımın adlarını və doğum tarixlərini bədənimə döydürmərəm. Qanadları boşandıqdan sonra etdirdim. Ərəb qız işimlə bağlıdır, gülləri isə sevirəm. Gələn il yeni tatu döydürəcəm.

Əməkdar artist Ədalət Şükürov Redaktor.az-a bildirdi ki, tatu etdirmədən öncə 100 ölçüb, 1 biçməlisən:

“Elə belə tatu etdirmək olmaz, onun gərək anlamı olsun. Çünki döymələrin birbaşa həyatınıza təsiri var. İnsan bu dünyadan tatudan başqa heçnə aparmır. Məndə iki tatu var: sağ və sol qolumda. Birinin mənası "gözün görmədiyini ürək görür", digərinin isə "mənim uğurlarım Allahdandır" deməkdir. Deyirlər ki, bir dəfə döymə döydürən, artıq "tatu xəstəliyi"nə düşür. Amma məndə belə bir hal olmayıb.

Rəqqasə Aytən Əliyevanın da “Tatu”ya qarşı marağı var:

“Çiynimə 15 il öncə buta işarəsini döydürmüşəm, ayağımda ulduz və A hərfi var, belimdə isə boyunbağı şəkli var".

Aparıcı Afaq Gəncəli isə qoluna oğlunun adını döydürüb:

“Mən hansısa xəstəliyə, sevdaya görə döymə döydürməmişəm. Məndə yeganə bir dənə döymə var, orada da əziz bir insanın adı əks olunub".

Redaktor.az-a açıqlama verən aparıcı Samir Bayramlı bildirdi ki, o tatuları çox sevir. Hətta tatulardan biri məhz efirdə döyülüb. Məşhur aparıcı bədəninin bütov sağ tərəfini döymələr ilə doldurmaq niyyətindədir:

“Mən ilk dəfə 12 il öncə tatu etdirmişəm. İlk döyməm çox danışıldı. Hətta şəhərdə bir çox oğlanlar əllərinin üzərinə mənim döyməmdən düzəltdirdilər. Bu, xəstəlik deyil, bir növ həyat tərzidir. Bədənimin sağ hissəsinin 70 % dolub. Əksər tatular elə yerdədir ki, görünmür. Camaatın gözü qarşısında onları göstərə bilmərəm. Yayda qolu açıq geyinəndə yarısı görünür, yarısı yox. Valideynlərimin baş hərfi, balıq işarəsi var, ad günümün tarixi əks olunub".

Sevda Bayramova / REDAKTOR.AZ