Ramazanda toyda oxuyan müğənninin BAŞINA İŞ GƏLDİ: Sumqayıtda DAVA

 16:47 07.05.2019     2075

Azərbaycanda adətən Ramazan və Məhərrəm aylarında toy şənlikləri, məclislər keçirilmir. Dini ekspertlər qeyd edir ki, Ramazanda toy məclisi keçirmək qəbahət hesab olunmur, sadəcə, müəyyən qaydalara riayyət etmək lazımdır.

Bəs, görəsən, şou əhli arasında Ramazanda toy, məclis, şou proqram, konsert, ad günü sifarişi alan var?

Müğənni Mənzurə Musayeva Redaktor.az-a açıqlamasında bildirdi ki, Ramazanda ifa etdiyi el şənliklərinin birində xoşagəlməz hadisə yaşanıb:  

“Ramazanda bir neçə dəfə toy təklifləri almışam. Çünki deyirlər getmək olar, amma Sumqayıtda bir dəfə dava düşdü, aləm qarışdı bir-birinə. İlk dəfə idi orucluqda el şənliyinə getdim, orada da dəhşətli hadisə baş verdi. Camaat şadlıq evinin pəncərələrini sındırdı. Mənim nə günahım var idi? Ev yiyəsi dəvət etdi, mən də getdim".

Əməkdar Abbas Bağırov isə Ramazanda toy oxumayıb:

“Ramazan ayında heç vaxt toya təklif almamışam. Gəlsə də, getmərəm. Çünki orada içki olur, mən isə bu cür şeyləri sevmirəm".

Əməkdar artist Elnarə Abullayeva isə həmkarından fərqli olaraq mübarək Ramazan ayında məclis idarə edib:

“Ad gününə və toya dəvət almışam. Ramazan ayından gözəl ay yoxdur. Mübarək aydır. Axşam iftardan sonra məclis idarə etmişəm. Niyə olmaz ki? Olar, amma içkisiz".

Müğənni Ceyhun Qala Redaktor.az-a bildirdi ki, ona Ramazan ayında sifariş gəlməyib, amma gəlsə, böyük məmnuniyyətlə məclis idarə edər:

“Ramazanda toy edən yoxdur. Bu ay hər kəs oruc tutub, ibadət edir. Mənim getdiyim məclislər adətən şəhər toyları olur. Ona görə də çağırmırlar, amma əgər müsəlman toyu olsa, gedərəm. Bu, mənim üçün şərəf olar".

Müğənni Afət Fərmanqızı bu ay üçün hələ ki, təklif almasa da, ümumiyyətlə Ramazanda el şənliklərində iştirak edib:

Çox olub. Toylar da var. İnsan Ramazanda yemək yeyirsə, yatırsa, toy da edə bilər. Ramazan ən gözəl aydır. 11 ayın sultanıdır, onu matəmə çəvirmək olmaz".

Müğənni Aynur Dadaşova Redaktor.az-a dedi ki, Ramazanı bayram şəklində qeyd etmək lazımdır:

“Hər kəs iftar vaxtı ailəsi, əzizləri ilə deyib-gülür. Onu matəmə, qara bayrama çevirmək olmaz. Bu, bayramdır. Türkiyədə bütün restoranlar iftar vaxtı dolu olur, hesab edirəm ki, bizdə də belə olmalıdır".

Müğənni Damla Ramazan ayında konsert proqramı keçirmək niyyətindədir:

“Ramazanda toy oxumamışam.Təklif gəlsə belə, getmərəm. Amma musiqili tədbirlərdə iştirak edirəm. Bu ay Novosibirskdə, Yekaterinburqda və Gəncədə konsert proqramı ilə çıxış edəcəm".

Əməkdar artist Ədalət Şükürov Redaktor.az-a açıqlamasında vurğuladı ki, Ramazanda müəyyən şənliklərin keçirilməsi ilə bağlı təklif alıb:

“Ramazan bayramdır. Ona görə də axşam hansısa məclis keçirmək olar, amma içkisiz. Ad günləri, yubileylər təklif olunub. Bu, normal haldır".

Müğənni Əlikram Bayramov da Ramazanda toy oxuyan müğənnilər sırasındadır:

“Həyatımda Ramazanda bir dəfə toy oxumuşam. O da ki, Bakıda. Saat 9 başlayıb, hacılar olub. Ona görə də içki verilməyib".

Sevda Bayramova / REDAKTOR.AZ