"Heç kimə deyə bilmərəm ki, verilişə çağır" - Efirlərdən kənar qalan MƏŞHURLAR

 17:51 07.05.2019     1235

Son zamanlarda müəyyən məşhur simalar gözə dəymir. Bu siyahıda Xalq artistlərindən tutmuş, sadə müğənnilər də var.

Bəs buna səbəb nədir?

Redaktor.az ənənəsinə sadiq qalaraq efirlərdə görünməyən, gündəmdən kənar qalan məşhurları araşdırıb:

Əməkdar artist Maestro Ceyhun vurğuladı ki, son zamanlarda efirlərdə qalmaqal birinci, sənət isə ikinci plana düşüb:

”Mən instrumental yaradıcılıqdan əlavə vokalla da məşğulam, populyar mahnılar oxuyuram. Bu, Enrike İglesias, Eyyub Yaqubov, Eldar Mansurov ola bilər. Müğənnilərdən də yaxşı oxuyuram. İstəmirəm efirlər mənim kimi musiqiçilərin hesabına reytinq qazansın. O verilişdəki aləm bir-birinə dəyir, dedi-qodu olur, ora mən getmirəm, özümü görmürəm. Sənətçilərin əksəriyyətinin savadı yoxdur. Ona görə də onlar efirə çıxıb başına gələn əhvalatlardan, gülməli məqamlardan danışırlar. Efir başlayana qədər müəyyən şey olur, veriliş gedəndə isə tamamilə başqa şeylər. Çıxıb getmək də olmur".

Müğənni Arzu Mələk Redaktor.az-a açıqlamasında bildirib ki, efirlərdə az-az görünməyinin səbəbi təmbəllikdir:

"Bir müddət təmbəlik edib, yaradıcılığımla məşğul olmadım. Buna səbəb isə mütəmadi olaraq xaricə getməyimdir. Efirə çıxanda da gərək yeni mahnılarla çıxasan, təkrarçılıq olmaz. Hazırda yeni üç mahnı üzərində çalışıram. Onlar hazır olandan sonra efirlərdə görünəcəm".

Xalq artisti Canəli Ələkbərov Redaktor.az-a dedi ki, efirlərə dəvət etmirlər:

”Səhər dururam işə gedirəm, işdən də evə qayıdıram. Tamaşaçılarıma can qurban, darıxmasınlar mənim üçün. Mən daim fəaliyyətdə olacam. Verilişlərə müəyyən səbəblərə görə çağırmırlar, özləri bilərlər".

Müğənni İntizar bildirdi ki, sənəti ilə məşğuldur:

” Yeni mahnılar yazdırıram, efirlərdə isə az-az görünməyimin səbəbi çağırılmamağımdır. Heç kimə zəng vurub deyə bilmərəm ki, məni efirə çağır".

Reper Elşad Xose isə yaradıcılığını məhz internet vasitəsi ilə nümayış etdirən məşhurlardandır:

“Mən əvvəldən efir sevməmişəm, indi ümumiyyətlə çıxmıram. Buna səbəb isə sosial şəbəkələrin inkişafıdır. Tamaşaçılarım yaradıcılığımda olan yenilikləri məhz internet vasitəsi ilə öyrənir".

Sevda Bayramova / REDAKTOR.AZ