“Çörəksiz, sussuz qalaram amma...” - Məşhurlardan sosial şəbəkə ilə bağlı İNANILMAZ AÇIQLAMALAR

 15:03 08.05.2019     2070

Günümüzdə mobil telefonların və sosial şəbəkələrin rolu böyükdür. Onlar olmasa, bəlkə də, həyatımız mənasız keçər.

Bəs, görəsən şou əhli telefonsuz və sosial şəbəkəsiz neçə saat qala bilər?

Aktyor Ramiz Hüseynzadə Redaktor.az-a maraqlı açıqlama verdi:

“Çörəksiz, susuz qalaram, amma sosial şəbəkəsiz və telefonsuz yox"..

Müğənni Mənzurə Musayeva da telefonsuz qala bilməyənlərdəndir:

“Sosial şəbəkəsiz və telefonsuz yaşamaq mümkün deyil. Burada oturursan Fransa ilə pulsuz danışırsan. Həm görürsən, həm də danışırsan. Bundan yaxşı nə ola bilər? Amma sosial şəbəkələrdəki bəzi biabırçılıqlar olmasaydı, daha yaxşı olardı”.

Müğənni Elvin Abdullayev isə sosial şəbəkə aludəçilərini qınadı:

“Bu dəqiqə oruc tutmaq, sosial şəbəkəsiz və telefonsuz qalmaqdan daha dözümlüdür. Birdəfəlik bunların kökünü kəssəydilər əla olardı”.

Aparıcı Lalə Əlimuxtarova Redaktor.az-a dedi ki, çox rahatlıqla telefonsuz və sosial şəbəkəsiz qala bilər:

“Telefonsuz və sosial şəbəkəsiz günlərlə, aylarla qala bilərəm. Kaş bunlar olmayaydı. Mənim bununla bağlı heç bir problemim yoxdur. Elə olur ki, telefonu söndürürəm, “İnstagram”a günlərlə girmirəm".

Aktyor, parodiyaçı Elnur Mahmudov telefonsuz yaşaya bilməyən məşhurların siyahısındadır:

“İnternetsiz yaşamaq olar, amma telefonsuz mümkün deyil. Ailənlə, dostlarınla əlaqə saxlayırsan, eləcə də işinlə bağlı nəsə edirsən. Ona görə də telefonsuz alınmır".

Rəqqasə Oksana Rəsulova Redaktor.az-a bildirdi ki, istəsə, rahatlıqla internetdən və telefondan imtina edə bilər:

“Lazım olan qədər dura bilərəm. Elə vaxt olur ki, heç yadıma düşmür. Amma elə vaxtlar da olur ki, telefonsuz 1 dəqiqədə də ayrı qala bilmirəm".

İş adamı Cəlal Kəngərli Redaktor.az-a açıqlamasında bildirdi ki, hazırda əksəriyyət sosial şəbəkə ilə bağlıdır:

“Sosial şəbəkə elə bir şeydir ki, onu çox istifadə etdikcə audəçisinə çevirilirsən, uzaq qaldıqda isə artıq heç nə maraqlı gəlmir. Ona görə də, hər şey öz əlimdədir, istədiyim qədər sosial şəbəkədən uzaq qala bilərəm".

Şairə Nazilə Səfərli isə doğmalarının yanında olduğu təqdirdə telefondan və internetdən istifadə etməyə bilər:

“Doğmalarım yanımda olsa, maraq dairəm dəyişsə, telefondan və ”İnstagram”dan birdəfəlik imtina edərəm".

Aparıcı, müğənni, bəstəkar Murad Arif Redaktor.az- a dedi ki, bütün işləri sosial şəbəkə ilə bağlı olduğundan sənətçi internetdən çox ayrı qala bilməz:

“Əgər, bütün ailə üzvlərim ətrafımda olsa, 1 həftə aralı qala bilərəm. Amma ondan çox yox. Çünki işim bilavasitə sosial şəbəkə ilə bağlıdır".

Gənc aktrisa Günel Məmmədova sosial şəbəkəsiz rahat yaşaya bilən məşhurlardandır:

“Sosial şəbəkələrimdəki səhifələrimi idarə edənlər var. Mən ancaq nəzarət edirəm. Ona görə də internetsiz rahat qala bilərəm, amma telefonsuz yox. Çünki işlə bağlı zənglər ən çox telefondan gəlir".

Müğənni Elçin Hüseynov demək olar ki, bütün vaxtını “İnstagram”da keçirir:

“Günümüz, dəqiqəmiz elə sosial şəbəkədə keçir. “İnstagram” bağlansa, ancaq onda uzaqlaşa bilərik".

Aparıcı Humay Muxtarova da internetsiz və telefonsuz dura bilmir:

“Maksimum 2,3 saat dözə bilərəm".

Sevda Bayramova / REDAKTOR.AZ