“Biznesmenlərin əyləncəsi oluruq” - Məşhurlar sosial şəbəkələrdən GİLEYLƏNDİLƏR

 18:44 07.05.2019     824

Son zamanlarda sosial şəbəkələrdə yayılan qeyri-etik videolar, xəbərlər insanlara mənfi təsir edir.

Məşhur simalalar sosial şəbəkələrin və telefonların mənfi tərəflərindən söz açıblar:

Redaktor.az-a açıqlama verən aktyor Fərda Xudaverdiyevin cavabı xeyli təəccüblü oldu:

“Sosial həyatda virtual sevgi, yaşam, zövq və özgüvən axtaranlar, nə qədər acı olsa da, real həyatda xoşbəxt olmayanlardır. Bizdən daha ağıllı insanların düzəltdiyi oyuncaqla oynadıqca özümüzü, doğmalarımızı deyil, bizim süni xoşbəxtliyimizə uzaqdan baxıb, sərmayəsi olduğumuz biznesmenlərin əyləncəsi oluruq”.

Müğənni Nura Suri isə sosial şəbəkələrin aktiv həyat tərzinə təsir edən mənfi tərəflərindən danışdı:

“Gün ərzində insan beyni daima lazımsız məlumatları qəbul edə bilməz. Çünki zəhərlənir və zibillənir. Nəticədə isə normal bir şeyi analiz edə, düşünə bilmir, robota çevrilir. Amma mən bunları anladığıma görə, sosial şəbəkələrdən və telefondan ancaq lazımlı məlumatları əldə etmək üçün istifadə edirəm. Marifləndirici səhifələri izləyirəm. Övladlarımın da telefonu var, amma çox icazə vermirəm. Kiçik oğlumun 10 yaşı var və bütün məişət texnikasına aid əşyası var. Amma elə vaxtlar olur ki, onun telefonu günlərlə mənim otağımda olur. Çox nadir hallarda sosial şəbəkədən istifadə edir".

Gənc müğənni Kamil Cəfərov Redaktor.az-a bildirdi ki, internet artıq hər kəsi uzaqlaşdırıb:

“Sosial şəbəkələr çıxandan hər kəs bir-birindən uzaqlaşır. Hər şeyi "ucuzlaşdırıb". Musiqini bayağılaşdırdı, gözdən saldı. İndiki gənclər internetdən pis örnək götürürlər. Yemək yeyəndə belə telefonla oynayırıq. Çox istərdim ki, “İnstagram” bağlansın".

Prodüsser Mədinə Malik Redaktor.az-a dedi ki, kaş sosial şəbəkələr olmaya idi:

“Mən çox istərdim sosial şəbəkə və telefon olmasın. Baxır kim ondan necə istifadə edir, amma saflıq itib, tərbiyəsizlik çoxalıb, gizlin heç nə qalmayıb, hərşey "ucuzlaşıb"".

Aparıcı Azər Axşam sosial şəbəkə çıxandan həyatın adiləşdiyini vurğuladı:

“Sosial şəbəkələr olmasa, daha rahat, səviyyəli və keyfiyyətli ömür sürərdik".

Sevda Bayramova / REDAKTOR.AZ