Məşhurlarımız reklamdan nə qədər qazandıqlarını AÇIQLADILAR - FOTOLAR

 17:43 08.05.2019     841

Bəzi şou-biznes nümayəndələrimiz “İnstagram” səhifələrini şəxsi biznesə çeviriblər.

Redaktor.az onların aldığı "qanorar"ı və reklama görə hansı şərtlər qoyduqlarını araşdırıb: 

Stilist Samiraldo bildirdi ki, o, hər məkanı PR etmir. Onun "İnstagram"da 314 000 izləyicisi var:

“Mən başqa ulduzlar kimi deyiləm. Sadə insanlar “açıldı” sözümə görə zəng edib, açılışlara dəvət edirlər. Çıxanda da cibimə 300-500 manat qoyurlar. Canlı efir, şəkil paylaşıram. Camaat məndən sonra görüb, gedirlər o məkanlara, onlara xeyir gəlir. Kasıb adamlarla, balaca salon, restoran, mağaza sahibləri ilə işləyirəm. Əgər, hansısa şirkəti reklam etməyimi istəsələr, o zaman 3 000-4 000 tələb edərəm. Mən də bununla özümü dolandırıram, çünki artıq işləmirəm. Əvvəllər sənətim var idi, amma indi biznesim budur. Həm özüm, həm də insanlara çörək verirəm. Əşyaların reklamı müqabilində pul almıram. Elə olub ki, 10 manatlıq gözlüyü reklam edirəm, pulunu göndərirlər, ürəyim gəlmir ona yox deməyə, neyləsin imkanı buna çatır".

Aparıcı Çinarə Əliyeva da “İnstaqram”dan pul qazanan məşhurlar sırasındadır. Xanım aparıcının 286 000 izləyicisi var:

“Səhifəmdə reklam 500 manatadır, amma özüm çəkilirəmsə, 1000 manatdır. Çox reklamlara çəkilmirəm, ən yaxşılarını seçirəm. Paltar reklam edəndə şərtim odur ki, sözügedən geyim mənə qalmalıdır. Məkanlar da demək olar ki, ancaq dostlarımın olanda PR edirəm”.

Məşhur idmançı Kamil Zeynallı Redaktor.az-a açıqlamasında bildirdi ki, o, hər şeyi reklam etmir, əsas keyfiyyətdir. İdmançını "İnstagram"da 671 000 nəfər izləyir:

“Səhifəmdə paylaşım 1000 manatadır. Amma özüm çəkilsəm, 2000-2500 manat arasında dəyişir. Hər şeyi reklam edə bilmərəm. Ən çox məkanlar, restoranlar, geyim mağazalarını reklam edirəm. Yalandan nəyisə reklam etsəm, mənə deyərlər bu nədir belə? Dünən mənə dedilər, gəl bir mağazanın açılışına heç nəyi paylaşma. Ancaq 20 dəqiqə orda iştirak et. Sənə 300 manat pul verəcəyik.  Getmədim ora. Hər çağrılan yerə getməzlər, həm də o pul camaatın 1 aylıq maaşıdır. İnsanın adı, şöhrəti olanda belə şeylərə yaxın gəlmir”.

Müğənni Damlanın səhifəsində video şəklində reklam paylaşımı 2 000 manatdan başlayır. "İnstagram"da ifaçının 1 milyon 700 000 izləyicisi var.

Şou-biznesin əkiz bacıları Sevil və Sevinc, reklamlarla məşğul olan məşhurlar sırasındadırlar. Onlar bununla bağlı xüsusi şirkətlə müqavilə imzalayıblar. Qiymətlər isə paylaşımdan asılı olaraq fərqlənir. Bacılar bildiriblər ki, onlar vaxtı ilə bir paylaşıma görə 5 000 manat alıblar. Xanım müğənnilərin “İnstagram” da 2 milyon 100 000 izləyicisi var.

Rəqqasə Fatimə Fətəliyevanın səhifəsində reklam dəyəri 500-1000 manat arasında dəyişir. Onun 927 000 izləyicisi var.

Sevda Bayramova / REDAKTOR.AZ