“Vəziyyət çox pisdir" - Niyə kliplər çəkilmir?

 12:10 09.05.2019     815

Azərbaycanda son vaxtlar klip bazarında canlanma müşahidə olunmur. Müğənnilərimiz klip çəkdirmirlər.

Klip bazarındakı hazırki vəziyyəti araşdırdıq:

Redaktor.az-a açıqlama verən rejissor Pənah Eldaroğlu bildirdi ki, yerli ifaçılar klip çəkdirən zaman pul verməyə çəkinirlər:

“Son 10 ildə klipə pul ayıran müğənni yoxdur. Klip sifariş edənlər də qiymətlə razılaşmırlar. Büdcə çıxarıram 10 000 manat. Deyir, maksimum 2 000 manat verə bilərəm. Bu pul heç kameranın icarəsini ödəmir. Ona görə də çəkilən kliplər keyfiyyətsiz olur. Son bir ildə isə klip bazarında canlanma var. Müğənnilərin içərisində ən çox klip çəkdirən Xatundur".

Rejissor Nail Naiboğlu isə klip bazarının yaxşı vəziyyətdə olduğunu bildirdi:

”Bir müddət, ümumiyyətlə klip çəkdirən yox idi. Buna səbəb isə televiziyaların klipləri yayımlamamasıdır. Ancaq pulla efirə kliplər yayımlanır. Əvvəllər ancaq bir televiziyada klip gedirdi. Orada da qiymət elə idi ki, hər sənətçi onu ödəyə bilmirdi. Həm də hər klipi efirdə yayımlamırdılar. Amma indi MTV, "Youtube" kanalları var. Aygün, Röya, Faiq klip çəkdirir, işimiz artıb. Bizdə klipdən pul qazanmırlar. Türkiyə şou-biznesində də vəziyyət eynidir".

Rejissor Natiq Novruzov Redaktor.az-a vəziyyətin acınacaqlı olduğunu dedi:

“Vəziyyət çox pisdir, bərbad gündədir. Əgər, 5 il bundan öncə Röyanın klipləri baxılırdısa, indi heç o da yoxdur. Ona görə də biz, artıq klip bazarında çalışmırıq. Ancaq kinolar çəkirik”

Sevda Bayramova / REDAKTOR.AZ