Ramazanda xeyriyyə işləri görən, iftar süfrəsi açan MƏŞHURLARIMIZ - FOTOLAR

 18:05 09.05.2019     1633

Ramazan ayında görülən ən xeyirli işlər arasında iftar vermək, ehtiyacı olan insanlara kömək etmək əsas yer tutur.

Görəsən, məşhurlarımız arasında kim bu ayda iftar verib, ehtiyacı olanlara köməklik göstərəcək?

Xalq artisti Nazpəri Dostəliyeva Redaktor.az-a açıqlamasında bildirdi ki, bu ay xeyriyyə işləri görəcək:

“Hər il olduğu kimi bu ildə oruc tuturam. Ailəm üçün dualar oxuyub, ehsan verəcəm. Bununla yanaşı, hər axşam iftar süfrəsi açıram”.

Prodüsser Mədinə Malik hesab edir ki, yaxşılığı reklama çevirmək olmaz:

"Bəzi məşhurlar yaxşılığı həddindən artıq çox reklam edir. O süfrənin şəklini çəkib, internetdə paylaşmaq lazım deyil. Bəlkə, kiminsə evində bunlar yoxdur? Mən hər il, ehtiyacı olan bir ailəyə iftar verib, qocalar, kimsəsiz uşaqlar evini ziyarət edirəm. Şou-biznes nümayəndələri üçün isə iftar süfrəsi açmıram. O ruzi-bərəkəti onlara verə bilmərəm”.

Şairə Nazilə Səfərli Redaktor.az-a açıqlamasında bildirdi ki, ətrafında oruc tutan, ehtiyacı olan şəxslərə köməklik göstərir:

“Hesab edirəm ki, büdcəsi, evində yeməyi olan kiməsə iftar süfrəsi verməkdənsə, yoxsul ailəyə axşam bazarlığı göndərmək daha məqsədə uyğundur. Hər il olduğu kimi, bu dəfə də işçilərimə yardım etməyi planlaşdırıram. Ötən il bağbana, köməkçimə oruc tutduqları üçün bazarlıq etdim, sadəcə bir axşamlıq yox, bir aylıq. Çünki bağbanım oruc tuta-tuta günəşin altında çalışır, mən də onun iftar hədiyyəsini bu cür verirəm”.

Aparıcı Lalə Mustafayeva bildirdi ki, sağlamlığı imkan versə, bu ayın sonuna qədər oruc tutub, savab işlər görəcək:

“Ehtiyacı olanlar üçün Ramazan paylarını alıb, göndərmişəm”.

Müğənni Şəbnəm Tovuzlu Redaktor.az-a dedi ki, artıq bir çox xeyriyyə işləri görüb:

“Qismət olsa, üç gecə iftar süfrəsi açacam. Ehtiyacı olanlara yardım edəcəm".

Aparıcı Arzu Həmzəyeva bildirdi ki, təkcə Ramazanda yox, ilin 12 ayını ehtiyacı olanlara yardım etməyə hazırdır:

“Özümü bu mövzuda reklam etməyi sevmirəm. Sadəcə bu ay yox, daima köməyə ehtiyacı olanlara yardım əlimi uzadıram. Bu ay onlar üçün iftar süfrələri də açacam”.

Müğənni Xuraman Şuşalı Redaktor.az-a açıqladı ki, bu ay hər kəs çalışıb, xeyriyyə işləri görməlidir:

“Bayram ayıdır. Kim yaxşı iş görürsə, onun da savabı çoxalır. Amma necə deyərlər “Sağ əlin verdiyini sol əl bilməməlidir”. Həqiqətən də ehtiyacı olana əl tutmaq lazımdır. Ehsan verilməli, iftar süfrəsi açılmalıdır. Bir sözlə, çalışaq insanların qəlbini sevindirək".

AzTV-nin solisti Nicat Cəfərzadə hesab edir ki, etdiyin yaxşılıq gizli qalmalıdır:

"Sahəsindən və kimliyindən asılı olmayaraq hər kəs çalışıb, xeyriyyə işləri görməlidir. Bu, iftar süfrəsi, ya da bir oruclu insanı doyuracaq qədər ərzaq ola bilər. Amma etdiyin yardım gizli qalsa, daha yaxşı olar. Ümumiyyətlə çalışıram ki, təkcə bu ay yox, hər zaman insanlara kömək edim. Bu, bizim üçün ən vacib məqamlardan biridir”.

Aşıq Zülfiyyə də mübarək Ramazan ayında xeyriyyə işləri görən məşhurlardandır:

“Öhtəliyimizdə olan qohumlarımıza kömək edib, evlərini təmir etdirirəm. Rayonda yaşayan, oruc tutan bacım üçün iftar süfrəsi açacam".

Aparıcı Humay Muxtarova Ramazan ayında insanları sevindirir:

“Ramazan ayında jurnalistlərə, kimsəsiz uşaqlar evinə, köməyə ehtiyacı olan 7 ailəyə və qohumlarım üçün iftar süfrəsi açıram. Bayram paylarını göndərib, dəstək oluram”.

Sevda Bayramova / REDAKTOR.AZ