“Bizə hər yerdə yaşıl işıqdır" - Məşhur ÖVLADLARI

 13:25 11.05.2019     1204

Bəzi məşhur simaların övladları öz fəaliyyətləri ilə tez-tez gündəmə gəlirlər. 

Görəsən, onlar valideynlərinin, yoxsa şəxsi istedadlarının sayəsində bu zirvəyə qalxıblar?  

Redaktor.az-a açıqlama verən Əməkdar artist Fərqanə Qasımova bildirdi ki, ustadın qızı olmaq çox çətindir:

“Alim müəllim ustadım, həm də atamdır. Sənətkar ailəsində doğulmuşam. Onun üzərimdə haqqı və əziyyəti böyükdür. Onu əvəz edəcək insan tanımıram. Alim müəllimin nəfəsi, kölgəsi, varlığı daim üstümdədir. Həyatımın ritmidir. Mən nə qədər yaradıcılığım ilə tək məşğul olub, səhnəyə çıxsam da, yenə də Alim Qasımovun qızıyam. Çünki ətrafdan məni məhz Alim müəllimin qızı kimi çağırırlar. Bu isə şərəfdir. Ustadın yanında söz demək, özünü ifadə etmək çox çətindir, amma buna nail oldum. Atamın, özümün, müğamın adını uca tutdum. Üzümə baxanda Alim və Fərqanə Qasımovanı görürlər. Hörmət qazanmışıq, onun adını istifadə etməyə ehtiyac yoxdur. Bizə hər yerdə yaşıl işıqdır”.

Aşıq Zülfiyyənin oğlu Babək Quluzadə Redaktor.az-a dedi ki, heç vaxt anasının adından istifadə etməyib:

“Mənim bu pilləyə gəlməyimdə göydə allahın, yerdə isə valideynlərimin böyük rolu var. Həyatımın sonuna qədər onlara borclu qalacam. Anamın adından heç vaxt istifadə etmərəm, elə şeyə pis baxıram. Özümə görə kimsə tanıyıb, hörmət etsə, sağ olsun, başı uca olsun, amma başqa cür yox. Təklikdə də yaradıcılığımla məşğulam. Səhnəyə Babək Quluzadə adı ilə təqdim olunuram”.

Xalq artisti Yalçın Rzazadənin oğlu Metin Rzazadə Redaktor.az-a vurğuladı ki, atasının adı həyatının sonuna qədər üzərində olacaq:

“8 il Yalçın müəllimin tələbəsi olmuşam. Efirə çıxanda geyimdən tutmuş, repertuarıma qədər atamla məsləhətləşirəm. Səhvlərim olanda çalışıram dərhal həll edim. İstəyirəm aparıcılar məni özümə görə təqdim etsinlər, amma alınmır. Azərbaycanın Xalq artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadə kimi təqdim olunuram. Onun adından istifadə etmirəm, çünki üzərimdədir. Amma müəyyən yerlərə məni məhz atama görə dəvət edirlər”.

Sevda Bayramova / REDAKTOR.AZ