Taksilərdə ƏN ÇOX bu müğənnilərin mahnıları DİNLƏNİLİR - FOTOLAR

 18:30 14.05.2019     1691

Gün ərzində taksidən istifadə edən məşhurlarımız az deyil.

Maraqlıdır, görəsən onlar taksidə yol gedən zaman kimin mahnılarını eşidiblər və ya şəxsi avtomobillərində ən çox kimə qulaq asırlar?

Redaktor.az-a açıqlama verən aparıcı Şəhriyar Əbilov bildirdi ki, Türkiyədə taksilərdə ən çox eşitdiyi mahnı Aysel Əlizadənindir:

“Aysel Əlizadənin “Yandırdın qəlbimi” mahnısıdır. Son 1 ildə yerli ifaçılarımız arasında radiolarda demək olar ki, ancaq bu musiqini eşidirəm. Azərbaycanda isə ən çox Zamiq Hüseynovun, Röyanın və Yaşar Yusubun mahnılarını eşitmişəm”.

Müğənni Elvin Abdullayev deyir ki, nəyə desən qulaq asaram:

“Taksidə olanda 2,  3 dəfə mahnılarımı eşitmişəm. Amma ən çox rastıma meyxanalar çıxır. Onda da dərhal sürücünü qabaqlayıb deyirəm ki, onu söndürün, qulaqlarım çirklənməsin”.

Şairə Nazilə Səfərli Redaktor.az-a bildirdi ki, taksiyə minən kimi musiqinin səsinin alınmasını istəyir:

“Tam sükut içində gedirəm. Hətta özüm avtomobil sürəndə belə, musiqi dinləmirəm. Çünki maşın musiqiyə qulaq asmaq üçün uyğun yer deyil. Sakitliyi sevirəm. Ayda, ildə bir dəfə qulaq asaram, o da caza”.

Müğənni Bahar Lətifqızı taksidə öz mahnılarına qulaq asan sənətçilərdəndir:

“Nadir hallarda taksiyə minirəm. O da avtomobilimdə problem olarsa. Sürücülər məni görəndə mahnılarımı qoşub, sevgilərini bu cür bildirirlər”.

Aparıcı Könül Muxtarova taksidə mahnılara qulaq asmır, buna səbəb isə orada zövqünə uyğun musiqilərin olmamasıdır:

“Avtomobilimdə son 1 ildir Ramalın mahnılarına qulaq asıram. Bu diski şəxsən Ramal özü hədiyyə edib. Satışda yoxdur. Ancaq ən yaxın dostlarında var”.

Əməkdar artist Ədalət Şükürov Redaktor.az-a dedi ki, taksidə İlqar Muradova, Teymur Əmraha, Elza Seyidcahana qulaq asır:

“Ürəyə və beyinə yatan, normal, qışqırmayan müğəniləri dinləyirəm. Avtomobilimdə isə Rəhim Rəhimliyə, Zakir Əliyevə, İlqar Muradova, Zamiqə və Rəşad İlyasova qulaq asıram”.

Aparıcı Humay Muxtarova Türkiyədə olan zaman yerli müğənnimizin mahnılarını eşidib:

“Bodrumda nə qədər taksiyə mindim hamısında Üzeyir Mehdizadə oxuyurdu. Avtomobilimdə isə ən çox Natavan Həbibiyə və Röyaya qulaq asıram”.

Sevda Bayramova / REDAKTOR.AZ