"Çingiz qalib gəlsə, qurban kəsəcəm" - Məşhurların Çingizin çıxışı ilə bağlı FİKİRLƏRİ / VİDEO

 15:41 17.05.2019     579

Azərbaycan təmsilçisi Çingiz Mustafayev İsraildə keçirilən "Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb. O, mayın 18-də 20-ci nömrə altında çıxış edəcək.

Redaktor.az-a açıqlama verən məşhurlar Çingizin çıxışından danışdılar:

Prodüser Asif Kərimov bildirdi ki, bu çıxış çox fərqli və möhtəşəm idi:

“Çox yüksək səviyəli çıxış oldu. Əgər, musiqi ilə bağlı seçim olsa, sözsüz biz yaxşı yerə nail olarıq. Amma təəssüf ki, “Eurovision”da siyasi məsələlər rol oynayır. Nəticə nə olursa, olsun Azərbaycan yüksək səviyyədə təmsil olunur. İlk ildən bu yana daim maraqlı çıxışlarımız olub. Amma Çingizin səhnəsi lap çox xoşuma gəldi. Kompüter qrafikası gözəl hazırlanıb. “Eurovision” səhnəsinin ən fərqli çıxışlarından biri oldu. Hollandiya və Rusiya təmsilçilərinin çıxışını bəyəndim. Albaniya isə xoşuma gəlmədi. Mövzu müharibə ilə bağlı idi, ona görə onlar finala vəsiqə qazandılar. İngilis dilini bilmirəm, sözə yox, musiqiyə fikir verirəm”.

Müğənni Roza Zərgərlidən gözlənilməz açıqlama gəldi:

“Çox nadir hallarda kiminsə qalib gəlməsi üçün canfəşanlıq edirəm. Çox istəyirəm ki, müsabiqənin builki qalibi məhz Çingiz olsun. Arzum gerçəkləşsə, Azərbaycan yolunda qurban kəsəcəm. Pərformansı, müasir texnologiya ilə tərtib olunan səhnə əsəri, mahnısı, Çingizin davranışı, bir sözlə, hər şeyi çox bəyəndim. Halaldır ona”.

Bəstəkar Pikə Axundova hesab edir ki, “Eurovision”da durğunluq var idi, amma Çingizin çıxışı bütün pərdələri aradan qaldırdı:

“Burada siyası məqamlar çoxluq təşkil edir. Ona görə də proqnoz qoymaq çətindir. Amma düşünürəm ki, Çingiz orada münsiflər heyyətinin və geniş izləyici kütləsinin bəyənini qazanıb. Mahnısı, ifası gözəl idi. Qurulan səhnə maraqlı, düşündürücü idi. Məncə, Azərbaycan bu il yaxşı göstəricilər nümayiş etdirəcək”.

Əməkdar artist Abbas Bağırov da Çingizin ifasını bəyənənlər siyahısındadır:

“Azərbaycanın finala keçməsi artıq uğurdur. Qalib olmağımızı arzu edirəm, amma siyasi məsələlər maneə törədə bilər. Bir dəfə qalib gəldik. Niyə də təkrarlamayaq? Çingizə uğurlar arzu edirəm. Onun canlı oxumasına, performans göstərməyinə şüphəm də yox idi. Bəzi ölkələr oğurluq mahnılar ilə çıxış etsələr də, biz daim yeni və fərqli ifalar nümayiş etdiririk. Çingizin ifası bundan öncəkilərdən fərqli və yaxşıdır”.

Çingiz Mustafayevin ikinci yarım finaldakı çıxışını təqdim edirik:

Sevda Bayramova / REDAKTOR.AZ