"Sonuncu dəfə hansı muzeyə getdiyimi xatırlamıram" - Məşhurlar niyə muzeylərə getmirlər?

 19:36 17.05.2019     142

Muzeylər, kitabxanalar, teatrlar mədəniyyətimizin və incəsənətimizin dəyərli inciləridir.  

Görəsən, şou nümayəndələri sonuncu dəfə nə vaxt və hansı muzeyə gediblər?

Redaktor.az-a açıqlama verən müğənni Afət Fərmanqızı bildirdi ki, ancaq xarici muzeylərdə olub:

““Ermitaj”, “Luvr” muzeyində olmuşam. Xaricə səfərə gedəndə tarixi məkanları, muzeyləri gəzməyi sevirəm. Amma Bakıda muzeydə olmamışam”.

Müğənni Niyam Salami isə ancaq bölgələrimizin muzeylərində gəzib:

“Rayonlarda olanda qədimi qalaları gəzirəm. Sonuncu dəfə Heydər Əliyev Muzeyində olmuşam”.

Rəqqasə Aytən Əliyeva mütəmadi olaraq muzeylərə baş çəkir:

“Vaxt tapdıqca mütəmadi olaraq muzeylərə gedirəm. “Şirvanşahlar” və “Qız Qalası”muzeyində olmuşam”.

Aktyor Ramiz Hüseynzadə uşaqları ilə birgə muzeyləri gəzməyi sevir:

“Hər zaman muzeylərə gedirəm. Hətta uşaqlarımı da ora aparıb gəzdirirəm. Ən sevdiyim, dünyada yeganə olan “Uzun ömürlülər” muzeyidir. Lerik şəhərində yerləşən muzey çox gözəl və mənalıdır”.

Aşıq Zülfiyyə Redaktor.az-a dedi ki, sonuncu dəfə Qazaxda muzeydə olub:

“Yolum düşəndə muzeylərə baş çəkirəm. Oranın abhavasını sevirəm. Sonuncu dəfə isə Qazaxda Səməd Vurğun adına ev muzeyində olmuşam”.

Müğənni Mənzurə Musayeva isə sonuncu dəfə nə vaxt muzeydə olduğunu xatırlamır:

“Çoxdandır muzeylərə getmirəm. Axrıncı dəfə Xalça Muzeyində gəzmişəm”.

Müğənni Günel Ələkbərova axrıncı dəfə şagird olanda muzeyə gedib:

“Mənim yaddaş problemim var. Ona görə də heç xatırlamıram axırıncı dəfə nə vaxt və hansı muzeydə gəzmişəm. Burada yəqin məktəbdə oxuyarkən Tarix Muzeyində olmuşam. Amma ən çox xoşuma gələn qonşu Türkiyədəki qədimi muzeylərdir”.

Xalq artisti Səməd Səmədovdan gözlənilməz açıqlama gəlib:

“Mənim muzeyim, bağım, nəvələrim, övladlarımdır. 30 ildir belədir. Sonuncu dəfə uşaqlıqda xaricdə muzeylərdə gəzmişəm. Hara gedirdiksə, valideyinlərimiz bizi mütləq muzeylərə aparırdılar. İndi isə buna vaxtım yoxdur”.

Sevda Bayramova / REDAKTOR.AZ