“Elza Seyidcahan getsəydi, qalib olardı” - Məşhurlar “Eurovision” haqqında DANIŞDILAR

 18:30 20.05.2019     645

“Eurovision-2019” mahnı müsabiqəsi başa çatıb. Niderland təmsilçisi Dunkan Lourens yarışmanın qalibi olub. Təmsilçimiz Çingiz Mustafayev 7-ci yerlə kifayətlənib

Məşhurlar Redaktor.az-a yarışmanın nəticələri ilə bağlı danışdılar:

Əməkdar artist Elza Seyidcahan hesab edir ki, “Eurovision”da yaddaqalan mahnı olmadı:

“Mahnılar çox zəifdir. Boş, mənasız... Mövzu, sənət yoxdur. Bəstəkar kimi heç bəyənmədim. İsrailin keçən ilki qalib mahnısı daha yaxşı idi. Hollandiya birinciliyə layiq deyil. Biz də gələn il piano ifaçısı göndərək. Millətimizdə zənginlik, novatorlıq, hər şey var. Amma nədənsə, kasıbçılığımızı nümayış etdiririk. Müğam da yamaq kimi görünürdü. Eldar ilə Nigarın vaxtında “Tapmaca” mahnımı yolladım. Heç seçilmədi. Çingiz istedadlı oğlan, məhsuldar, məsuliyyətli ifaçıdır. Amma mahnısı yadda qalmadı. Əgər, Elza Seyidcahan getsəydi, qalib olardı. Hətta birinci yer belə, bizim üçün zəif olardı”.

Müğənni, aparıcı “Eurovision”un bu ilki şərhçisi Murad Arif isə nəticədən razı qalıb:

“Təəssüratlarım müsbətdir. Çingiz Mustafayev özünü çox yaxşı apardı, gözəl təqdim etdi, xorizmatikdir. Ənənəvi üslubuna yad janrı səhnədə peşəkar səviyyədə sərgilədi. İfadan razıyıq, bundan sonra da hər kəsi Çingizi dəstəkləməyə dəvət edirəm. 20, 30 il onluğa düşməyən ölkələr var. Yeddinci yer də yaxşıdır. “Eurovision”da müəyyən xırdalıqlar var, daim qalib gəlmək olmur. Çingiz ömrünün 3, 4 ayını finala hazırlaşıb. Ətrafdan müsbət rəylər alıb. Həm bukmeykerlər, həm də xarici media təmsilçimizi sevdi. Burada hər şey bir-birini tamamladı. Qələbəyə layiq idi. Çingizin məyusluğu təbiidir. Düşünürəm ki, bir neçə həftə sonra abhava düzələcək. Qalib ölkəni bəyəndim. Bu il musiqi qazandı, gözəl melodiya. Həftələrlə bukmeykerlər ona qalibiyyət vəd edib. Rusiya təmsilçisi isə açıqlama verdi ki, yarışmada Putinin siyasəti rol oynadı. Avropa düz etmir, biz müğənniyik sənətimizi qiymətləndirsinlər. Amma məncə, Rusiya elə üçüncü yerə layiqdir. Hesab etmirəm ki, onun mahnısı ən güclü idi. Mənim şəxsi favoritim İtaliya idi. O da ikinci yerə nail oldu. Ümumi olaraq nəticələrdən razıyam”.

Sevda Bayramova / REDAKTOR.AZ